“Əvvəlki illərə nisbətən bəzi klublarımız bu il çempionata daha yaxşı başlayıb. Ümid edirəm ki, axıra qədər belə davam edər”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.

Cinah müdafiəçisi ən maksimumu nədirsə onu edib, keçənilkindən də yaxşı olmaq istədiklərini bildirib: “Komandamız bir neçə gün istirahətdən sonra məşqlərə başladı. Mən yığmada olduğuma görə cəmi bir gün istirahət edə bildim. Artıq məşqlərə başlamışıq. Ötən mövsümdəkindən də yaxşı olmaq istəyirik. Artıq 1-ci dövrə yekunlaşır. Daha da yaxşı ola bilərik. Planların düz getməyi üçün daim işləmək lazımdır. Hər şey gözlədiyimiz kimi oldu. Əvvəlki illərə nisbətən bəzi klublarımız bu il çempionata daha yaxşı başlayıb. Ümid edirəm ki, axıra qədər belə davam edər. Açığı mən də yaxşı çıxış etməklərini istəyərəm. Belə olan halda rəqabət olur. Rəqabət varsa, deməli inkişaf da var. Eyni zamanda Avropa Liqasında çıxış edəcəyik.  Hansısa çətinliklər ola bilər. Lakin böyük çətinliyin yaranmasına inanmıram. Olsa belə, klub olaraq buna hazırıq”.

Daha sonra Elvin adı hansısa klublarla hallansa belə, fikrinin “Qarabağ”da olduğunu bildirdi: “Adım hansısa klublarla yanaşı hallana bilər. Amma fikrim tam olaraq “Qarabağda”dır. Mənim üçün birinci Qurban Qurbanovun fikridir”.

GÜNAY SÜLEYMANOVA

Shares: