Azərbaycan yığmasının sabiq müdafiəçisi Vurğun Hüseynovun futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz”lə yollarınızı ayırdığınız və futbolçu karyeranızı bitirdiyiniz açıqlandı. Mövsümün sonuna kimi niyə gözləmək istəmədiniz?
– Çünki zədələndim. Ən azı 2 ay müalicə olunmalı idim. Zədədən sonra məşqlərə qayıtmağım çox çətin olacaqdı. Fikirləşdim ki, artıq karyeramı bitirmək vaxtıdır. Həm baş məşqçi, həm də rəhbərliklə danışdım, fikrimi onlara çatdırdım. Sağ olsunlar, qərarıma hörmətlə yanaşdılar.
– Qərarınıza “Kəpəz”in baş məşqçisi postundakı dəyişiklik də təsir göstərdimi?
– Açığı, zədələnməmişdən qabaq karyeramı bitirmək barədə düşünmürdüm. Uzun müddət məşqlərdən kənarda qalacağım üçün qərarımı verdim. İnşallah, “Kəpəz” üçün nə xeyirlidirsə, o da olsun. Komandanın yeni baş məşqçisi Azər Bağırovla da çox yaxşı münasibətim var. Qərarımın baş məşqçi dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur.
– Futbol sahəsində qalacaqsınız? Bundan sonra hansı işlə məşğul olacaqsınız?
– Bəli, futbol sahəsində qalacağam. İnşallah, “Sumqayıt”da məşqçiliyə başlayacağam. Uşaq futbolunda çalışacağam. Sağ olsunlar, “Sumqayıt” rəhbərliyi və akademiyanın rəhbəri Hakan Sünal məni çox yaxşı qarşıladılar.
– “Sumqayıt”da hansı aşağı yaş qrupunda çalışacaqsınız?
– Hələ dəqiqləşməyib. Aşağı yaş qruplarından birində köməkçi məşqçi kimi fəaliyyət göstərəcəyəm. Futbol oynamaq başqadır, məşqçilik etmək başqa. Bu sahədə təcrübə toplamalıyam.
– Məşqçi kimi qarşınıza hansı məqsədi qoymusunuz? Yaxın gələcəkdə böyük futbolda da çalışmağı planlaşdırırsınız?
– Hansısa işə başlayırsansa, qarşına ən yüksək hədəfləri qoymalısan. Məqsədim, istəyim gələcəkdə yaxşı məşqçilərdən biri olmaqdır. Alınıb-alınmayacağını zaman göstərəcək. Yəqin ki, qarşıdakı 2-3 il ərzində buna aydınlıq gələcək.
– Necə düşünürsünüz, “Kəpəz” Premyer Liqadakı yerini qoruya biləcək?
– İnşallah, “Kəpəz” Premyer Liqada qalar. Onlara uğurlar arzulayıram. “Kəpəz” ən yaxşı yerlərə layiq olan köklu klubdur.
– Bir vaxtlar formasını geyindiyiniz milli komandanın İsveç və Slovakiyaya uduzduğu (1:3, 0:2) matçlarla bağlı fikirləriniz necədir? Santuşun gəlişindən sonra yığmamızın oyun planında hər hansı bir dəyişiklik hiss etdiniz?
– Milli İsveçlə görüşdə uduzmasına baxmayaraq, pis təsir bağışlamadı. Həmin oyunda penaltini dəqiq yerinə yetirə bilsəydik, hesab başqa cür olardı. Slovakiya ilə matçda isə zəif çıxış etdik. Millimiz ikinci oyunda heç nə ilə yadda qalmadı. Baş məşqçi yenidir, ona öz təcrübəsini futboçulara aşılaya bilməsi üçün vaxt lazımdır. Düşünürəm ki, millimiz qarşıdakı oyunlarda yaxşı nəticələr qazana biləcək.
ABBAS