AFFA öz oxu ətrafında fırlanmağa davam edir. Yenilər köhnələrin yolunu tam sürətlə gedir, hətta bir az da dibə vurur.

AFFA prezidenti Rövşən Nəcəf hər dəfə İcraiyyə Komitəsini yığanda zavod direktorunun uşaq futbolu, bankirin taktika, başqa bir hərşeyşünasın strategiya haqda gəvələməsinə qulaq asır. Yekunda 5-6 saatlıq mənasız iclas nəticəsiz qalır, görüş, müzakirə görüntüsü yaradılır.

İcraiyyə Komitəsinin son iclası da belə oldu. Ortaya ciddi nəticə, hansısa qərar çıxmadı. AFFA-nın mətbuat işçilərinin hazırladığı, həmin gün 32 yaşını qeyd edən SOCAR-da 5 saat sonra yayımlamaq icazəsi verilən mətn daha çox kabinet oyunundan hazırlanan reportaja bənzəyirdi. Gündəlikdəki məsələlərə uyğun bənd-bənd qərarlar yazılmaq əvəzinə, ümumi sözlərlə kifayətlənmişdilər. Çünki Nəcəfin bardaş qurub başda əyləşdiyi məclisdən qərar çıxa bilməzdi, yalnız çayxana söhbətləri olmuşdu.

Elşad Nəsirovun barmağının işarəsi ilə oturub-durmağa vərdiş etmiş Nəcəf, futbol mütəxəssislərinin deyil, özü kimi işbizlməzlərin toplaşdığı iclasları sıraladıqca milli komandaların nəticələri pisləşir, həllini gözləyən problemlər qalaq-qalaq yığılır. Əvəzində Rövşən bəy tanışları, qohumları üçün yeni vəzifələr axtarır. Tezliklə yeni təyinatlar olacaq, baldızının rəfiqəsi olan Aysu İbrahimli kimi digər yeni adlar da AFFA-da kabinetlərə əyləşdiriləcək.

изображение 2024 09 15 120521197 - Futbolinfo.az

Aysu xanım iş başında olduğu iki ay ərzində hansısa ciddi fəaliyyəti ilə yadda qalmayıb, yalnız artmış maaşının sərfolunma istiqamətlərini böyüdüb. Nəcəfin digər yeni, sevimli kadrları da eyni yolu gedəcək. Futbol isə taleyin ümidinə buraxılıb. Olan-qalanımızın axırına da əcnəbi sevdalısı olan indiki rəhbərlik çıxacaq.

FƏRİD

Shares: