Misli Premyer Liqasının 6-cı turunda qapılara ümumilikdə 11 qol vuruldu. Tur lider “Turan Tovuz”un məğlubiyyətsizliyinin, xal üzünə həsrət qalan “Kəpəz”in isə uğursuz seriyasının davam etməsi, “Neftçi”nin isə hələ də özünə gələ bilməməsi ilə yadda qaldı. Hesabat turu erkən qollarla da diqqət çəkdi. Təsadüfi deyil ki, 5 oyundan 4-də hesab erkən (1-ci, 2-ci, 5-ci və 6-cı dəqiqə) açıldı.

Bağırov və Manafovun korlanan debütü

Baş məşqçi postunda Adil Şükürovu Azər Bağırovla əvəzləyən “Kəpəz” tilsimi bu tur qırmaq niyyətində idi. Gəncəlilər “Araz-Naxçıvan”la görüşdə mövsümün ilk xalını və ya xallarını qazanacaqlarına ümid edirdilər. Bağırov özünün istəyi ilə heyətə cəlb olunan Turan Manafov və Rauf Hüseynliyə start heyətdə şans vermişdi. Digər maraqlı məqam isə Bağırovla yanaşı, Manafovun da “Kəpəz”dəki debütünün sabiq komandaları ilə oyunda reallaşması idi.

İlk hissə qol epizodları baxımından o qədər də maraqlı keçmədi. Matçın gedişindən anlamaq olurdu ki, mübarizənin taleyini 1 qol həll edəcək. Fasilədən sonra dəqiqələr keçdikcə “Araz-Naxçıvan” təzyiqi artırdı. “Kəpəz” bu təzyiq qarşısında sonadək tab gətirə bilmədi. 76-cı dəqiqədə Bernardo Dias cərimə meydançası daxilindən əla zərbə ilə topu uzaq küncə göndərdi. Bu qol həlledici oldu və “Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası 4-ə, “Kəpəz”in məğlubiyyət seriyası isə 6-ya çatdı.

“Sumqayıt”ın ardıcıl 3-cü məğlubiyyəti

Premyer Liqaya qayıdışından sonra “asan yem” olacağı gözlənilən “Şamaxı” növbəti dəfə bu fikirləri alt-üst etdi. Ayxan Abbasovun komandası çempionatdakı rəqabətə rəng qatacağını, iddialılara başağrısı olacağını bir daha isbatladı. Bunadək son 2 oyunda məğlubiyyətlə üzləşən “Sumqayıt” Şamaxı səfərində tilsimi qırmaq niyyətində olsa da, qonaqların arzusu reallaşmadı.

1400 azarkeşin izlədiyi qarşılaşma erkən qolla başladı. “Sumqayıt”ın futbolçuları meydandakı yerlərinə alışmamış qapılarında qol gördülər. 2-ci dəqiqədə Belajdi Pusi rəqibin iki futbolçusundan sıyrıldıqdan sonra cərimə meydançasına daxil oldu və topu mərkəzə doğru ötürdü. Burada isə topa özünü yetirən Giorgi Kantariya qüvvətli zərbə ilə toru silkələdi.

“Soyuq duş”dan ayıla bilməyən “Sumqayıt” az sonra ikinci dəfə mərkəzə dəvət olunacaqdı. Di gəl ki, Brahim Konate başla boş qapını yox, qapı tirini nişan aldı. İlk hissə ümumilikdə “Şamaxı”nın üstünlüyü şəraitində keçdi. Qonaqların heyətində isə Rəhim Sadıxov nəsə etməyə çalışırdı, ancaq onun həmlələri səmərəsiz qalırdı.

Fasilədən sonra da oyunun ssenarisi dəyişmədi. Yenə daha çox “Şamaxı” kəsərli hücumlar qururdu. “Sumqayıt”ın matç ərzində ən real qol epizodu 74-cü dəqiqədə yaşandı. Onda da Nikola Vuynoviçin fərqlənməsinə son anda ev sahiblərinin qapıçısı Rikardo Fernandes imkan vermədi. Beləliklə, “Şamaxı” cari mövsümdə ikinci qələbəsini qazandı. “Sumqayıt”ın məğlubiyyət seriyası isə 3-ə çatdı.

Qələbənin fonunda fərdi səhvlər

Son çempion “Qarabağ” “Səbail” önünə əsas heyətlə çıxmışdı. Bu mənada, Ağdam klubunun çətinliklə üzləşməyəcəyi gözlənilən idi. “Köhlən atlılar”ın hesabı açması üçün 5 dəqiqə bəs etdi. Elvin Cəfərquliyev və Toral Bayramovun iştirakı ilə qurulan kombinasiyanı Leandro Andrade qolla tamamladı.

İlk hissədə “Qarabağ”ın üzvləri fərdi səhvlərə yol verir, adi epizodda topu itirirdilər. 10 dəqiqə ərzində iki belə epizod yaşandı ki, əvvəlcə Abdullah Zubirin səhvindən sonra sabiq “Qarabağ”lı Nihad Quliyevin, ardınca isə Julio Romaonun top itkisindən sonra Rüfət Abdullazadənin fərqlənməsinə qapıçı Mateuş Koxalski imkan vermədi. 24-cü dəqiqədə “Qarabağ”ın qurduğu növbəti kombinasiyasının sonunda Toral Bayramov boş qapını dəqiq nişan ala bilməyərək, Elvin Cəfərquliyevin ötürməsini zay etdi.

“Qarabağ”ın sonrakı cəhdlərinə baxmayaraq, fasiləyədək hesab arasındakı fərq artmadı. Əvəzində Qurban Qurbanovun yetirmələri ikinci hissənin əvvəlində də fərqlənməyi bacardılar. Juninyo sürəti hesabına rəqib oyunçunu geridə qoyduqdan sonra topu daha əlverişli mövqedə olan Andradeyə ötürdü. Leandro isə dubl etməkdə çətinlik çəkmədi.

“Səbail” 2 dəqiqə sonra qollardan birinin əvəzini çıxmağı bacardı. “Qarabağ”ın heyətində növbəti fərdi səhvi Koxalski etdi. Onun uğursuz ötürməsindən sonra qonaqlar topu ələ keçirdilər və epizodun davamında Fərid Nəbiyev sol ayağı ilə uzaq küncü dəqiq nişan aldı.

“Səbail”in bundan artığına gücü çatmadı. 6 oyundan sonra aktivində cəmi 4 xal olan “dənizçilər” bu gedişlə ən yaxşı halda Premyer Liqada qalmaq uğrunda mübarizə apara bilərlər.

Sağlamlığını itirən kimdir: Qriqorçuk, yoxsa azarkeşlər?

Baş məşqçi Roman Qriqorçukun və yeni transferlərin gəlişindən sonra heç cür özünə gələ bilməyən “Neftçi”nin biabırçı nəticələri davam etməkdədir. Cari mövsümdə qələbə üzünə həsrət qalan “ağ-qaralar” bu gedişlə sezonu boşa verəcəklər. Uğursuz nəticələrə “Zirə” ilə matçda da son qoymaq mümkün olmadı. 1-ci dəqiqədəcə Salifu Sumanın qoluna mane ola bilməyən “Neftçi”nin yenə qələbəsiz qalacağı aydın oldu. İlk hissəni boşa verən Qriqorçukun komandası fasilədən sonra da heç nə ilə yadda qalmadı. Əvəzində “Zirə” Rafael Utziqin qolu ilə üstünlüyünü artırdı, həm də qələbəni təmin etdi.

“Neftçi” acınacaqlı haldadır. Vəziyyət o qədər dözülməzdir ki, bunun fərqində olan Roman Qriqorçuk oyundan sonra mətbuat konfransında üzr istəməyə məcbur olub. Amma nə faydası?! Sənin üzrün “Neftçi” azarkeşlərinin təsəlli tapması üçün yetərlidirmi? Təbii ki, yox! Qriqorçuk hər oyundan-oyuna sağlamlığını itirdiyini bildirərək, minnət də vurub. Sən sağlamlığını itirirsənsə, əsəbləri ilə oynadığınız, sadiq “Neftçi” azarkeşləri nə etsinlər?! Uğursuz nəticələrə görə aylardır, hətta illərdir sağlamlığını itirən onlardır, Qriqorçuk deyil! Axı necə olur ki, “Neftçi” kimi hamıdan çox büdcəsi, zəngin heyəti olan klub 6 oyundur qələbə üzünə həsrətdir?! Qriqorçuku çempionluq mübarizəsi apara biləcək komanda qurmaq üçün gətiriblər, sondan ikinci olmaq üçün yox! Bunu edə bilmirsənsə, üzr istəmək yerinə, istefa verməlisən!

Qriqorçuk “Qəbələ”də uğurlu nəticələr əldə etmiş ola bilər. Amma onun oyun üslubu “Neftçi”yə qətiyyən uyğun gəlmir. “Qəbələ”də daha çox uzun ötürmələr və irəli xətdəki futbolçuların fiziki gücünə hesablanmış futbol oynayırdı. Belə oyun “Neftçi” üçün kifayət etmir. “Ağ-qaralar”a texnikalı və kreativ hücum futbolu oynada biləcək mütəxəssis lazımdır. Bəh-bəhlə Azərbaycana gətirdiyi ştoqrinlər, darbolarla uğursuzluq qaçılmazdır. Görünür, Darbonu “Qəbələ”də yetirməsi olmuş Dabo ilə səhv salıb. “Neftçi”nin 6 oyuna cəmi 2 qol vurması hazırkı hücum xəttinin dişsizliyinin göstəricisidir.

“Turan Tovuz” 2 dəfə hesabda geri düşsə də…

Turun mərkəzi matçı “Sabah” və “Turan Tovuz” arasında keçirildi. Kurban Berdıyevin gəlişindən sonra uğurlu qrafik cızan tovuzlular budəfəki sınaqdan da üzüağ çıxdılar. Əslində, “Sabah”la səfər matçı “Turan Tovuz” üçün yaxşı başlamadı. 6-cı dəqiqədə Cesse Sekidika kornerdən ötürülən topu saxlamadan qapıdan keçirdi. Bu, Qərb təmsilçisinin cari mövsümdə buraxdığı ilk qol kimi tarixə düşdü.

Bu sezon ilk dəfə hesabda geri düşən “Turan Tovuz”un buna necə reaksiya verəcəyi maraq doğururdu. Qol buraxması azmış kimi, qonaqlar 30-cu dəqiqədə Aleks Souzanın xidmətindən məhrum oldular. Zədələnən braziliyalı hücumçu yerini Ayxan Quseynova təhvil vermək məcburiyyətində qaldı. Ancaq erkən qol və əvəzlənmə Berdıyevin yetirmələrini həvəsdən salmadı. Fasiləyədək qonaqlar status-kvonu bərpa edə bildilər. “Turan Tovuz” da məhz künc zərbəsindən sonra rəqibi cəzalandırdı, fərqlənən futbolçu isə Roderik Miller oldu.

“Sabah” ikinci hissəyə də qolla başladı. Sekidika topu ustalıqla uzaq küncə göndərərək, dublunu rəsmiləşdirdi. Lakin “Turan Tovuz” bu dəfə də hesabı bərabərləşdirmək üçün özündə güc tapdı. Matça sonradan qoşulan Ayxan Quseynov yaxın küncü dəqiq nişan alaraq, görüşün yekun hesabını müəyyənləşdirdi – 2:2.

“Turan Tovuz” bu nəticə ilə məğlubiyyətsizlik seriyasını 6-ya çatdırdı. Kurban Berdıyevin komandası iddiasını sonadək davam etdirmək əzmində olduğunu isbatladı. Lakin tovuzluların heyətlərinin kasad olması qarşıdakı turlarda onlarla problem yarada bilər.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp