“Səbail”in qapıçısı Hüseynəli Quliyevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”a 1:2 hesablı məğlubiyyət barədə düşüncələrin necədir?

– Məğlubiyyət üzücüdür. Ən azından 1 xal qazanmaq istəyərdik. Ancaq rəqibin gücü bəllidir. Əslində, meydanda əzmkar mübarizə apardığımızı düşünürəm, son dəqiqəyə qədər xal qazanmaq şansımız davam edirdi. Amma yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmədik. Gələcəyə ümidliyik, indi nəticə olmasa belə, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanırıq.

– “Səbail”in turnir cədvəlindəki hazırkı vəziyyəti real gücünün göstəricisidir? Cəmi 4 xalınız var…

– Hazırkı göstərici bizi qane etmir. Daha yaxşı pillələrdə ola bilərdik. Bu, futboldur və rəqiblərimiz də kifayət qədər yaxşıdır. Ancaq bu pillələrdən çıxacağımıza inamımız var.

– Ötən mövsümlə müqayisədə komanda çempionata daha inamsız başlayıb. Ümumiyyətlə, bu mövsümdən nə gözləyirsən? Məsələn, indiki komandanın potensialı hansı pilləni tutmağa imkan verəcək?

– Bu mövsüm bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmağa çalışacağıq. Hamımızın istəyi bu yöndədir. Dəqiq hansı pillədə olacağımızı demək olmur.

– Qarşıdakı oyun “Sabah”a qarşı olacaq. Bu matçdan gözləntiniz nədir?

– Bilirik ki, rəqibimiz keyfiyyətli futbolçulardan təşkil olmuş yaxşı komandadır. Onlara qarşı oyun maraqlı olacaq. Rəqibimiz güclü olsa da, bizə xal və ya xallar lazımdır. Əlimizdən nə gəlirsə, etməyə çalışacağıq.

– Mövsüm ərzində “Səbail” qapısından 10 top buraxıb. Öz çıxışını necə dəyərləndirirsiz?

– Öz üzərimdə çalışıb daha da yaxşı olmağa cəhd edirəm. Meydanda da komandama kömək etmək üçün çalışıram. Statistikaları yaxşılaşdırmağa çalışacağıq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp