Dünya nəhəngi “Real” “Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Tottenhem”in futbolçusu Kristian Romeronu transfer etmək niyyətindədir.

Futbolinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, madridlilər argentinalı mərkəz müdafiəçisi üçün indidən hərəkətə keçib.

“Real” rəhbərliyi Romero və “Arsenal”ın fransalı arxa xətt oyunçusu Vlyam Saliba arasında seçim edəcək. Bu məqsədlə mövsümün qalan hissəsində onların oyunlarını izləmək üçün skautlar ayrılacaq. Hətta “Arsenal”la “Tottenhem” arasında Premyer Liqanın 4-cü turu çərçivəsində baş tutan matçı tribunadan izləyənlər arasında “Real”ın baş skautu Yuni Kalafat da olub.

O, Romeronu komandaya daha layiqli hesab edir. Bu üzdən onun bundan sonrakı matçları da “Real” skautları tərəfindən izləniləcək. Həmin görüşlər arasında “Qarabağ”la keçiriləcək qarşılaşma da ola bilər. Skautlar müsbət rəy versələr, madridlilər mövsümün sonuna yaxın “Tottenhem”lə danışıqlara başlayacaq.

Qeyd edək ki, Avropa Liqasının ilk turu çərçivəsində sentyabrın 26-da “Tottenhem”lə “Qarabağ” Londonda üz-üzə gələcəklər.

Shares: