“Sabah” klubunun serbiyalı müdafiəçisi Boyan Letiçin futbolinfo.az saytına müsahibəsi
– Söhbətə Misli Premyer Liqasının 6-cı turunda “Turan Tovuz”la keçirdiyiniz oyundan (2:2) başlayaq. Hesabda 2 dəfə önə keçsəniz də, üstünlüyünüzü qoruya bilmədiniz. Bunu nə ilə izah edərdiniz?
– Fikrimcə, biz bu görüşdə 2 xal itirdik. Bu cür oyunlarda 2:1 hesabı ilə önə keçmisənsə, hücum edib hesabı 3:1, hətta 4:1 etməlisən. Təəssüf ki, bunu həyata keçirə bilmədik. Əvəzində rəqib ikinci dəfə bərabərlik qolunu vurdu.
– “Sabah”ın vurduğu birinci qolda künc zərbəsindən Cesse Sekidikaya ötürmə verdiniz. Bu, ev tapşırığı idi, yoxsa o anda komanda yoldaşınızın boş mövqedə olduğunu gördükdən sonra elə qərara gəldiniz?
– Ev tapşırığı idi. Məşqlərdə bunun üzərində çalışmışdıq. Şadam ki, “Turan Tovuz”la oyunda həmin ev tapşırığının bəhrəsini gördük.
– “Sabah” Premyer Liqanın cari mövsümündə keçirdiyi 6 oyundan sonra 11 xal toplayıb. Bu nəticə sizi qane edir? Yoxsa düşünürsünüz ki, daha artıq xal toplaya bilərdiniz?
– Məncə, daha çox xal toplaya bilərdik. “Şamaxı” və “Turan Tovuz”la oyunlardakı xal itkilərimizi xüsusi vurğulayardım. Buna imkan verməsəydik, indi daha çox xalımız var idi.
– Növbəti turda “Səbail”in qonağı olacaqsınız. Yəqin ki, turnir cədvəlinin son pillələrində qərarlaşmış rəqiblə oyundan ancaq qələbə gözləyirsiniz…
– Bizi qarşıda çətin görüş gözləyir. Matç süni örtüklü meydanda keçiriləcək ki, bu da bizə əlavə çətinlik yaradacaq. Bununla belə, meydana 3 xal üçün çıxacağıq. Hər oyunumuza maksimum köklənməli, tam olaraq qələbəyə motivasiya olmalıyıq.
– Ötən mövsüm Premyer Liqada gərgin mübarizə getdi. Cari mövsümün gedişatı eyni ssenarinin yaşanacağını deməyə əsas verirmi?
– Mümkündür. Amma tam olaraq ötən mövsümkü kimi olacağını demək də çətindir. Bunu qarşıdakı turlarda görəcəyik. Fikrimcə, indidən bu barədə dəqiq fikir bildirmək çətindir.
– Hazırkı heyətinizi ötən mövsümkü ilə müqayisə etsək, hansı daha güclüdür?
– Bunu mövsümün sonunda görəcəyik. Toplanan xallara, tutduğumuz yerə və vurulan qollara əsasən hər hansı müqayisə aparmaq mümkündür.
FƏRİD