“Səbail” klubunun futbolçusu Nihad Quliyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 6-cı turunda “Qarabağ”la oyunda (1:2) hesab arasındakı fərqi azalda bilsəniz də, bərabərlik qolunu vurmağı bacarmadınız. Meydandan xalla ayrılmağınız üçün nə çatışmadı?

– Maraqlı oyun alındı. “Qarabağ”ın gücü hər kəsə məlumdur. Buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Təəssüf ki, istədiyimiz nəticəni qazana bilmədik. Hesab arasındakı fərqi azaltsaq da, bərabərlik qolunu vurmaq mümkün olmadı. Əsas hədəfimiz növbəti oyunlara hazırlaşmaq və azarkeşlərimizi sevindirməkdir.

– Bu görüşdə sabiq komandanıza qarşı oynadınız. Hansı hissləri keçirdiniz?

– “Qarabağ” mənə doğma komandadır. Məhz o klubda bu səviyyəyə gəlib çatmışam.

– “Səbail”ə tam uyğunlaşmısınız? Yoxsa bunun üçün bir qədər də vaxt lazım olduğunu düşünürsünüz?

– Uyğunlaşma ilə bağlı heç bir problem yoxdur. Bura bir ailə kimidir. Hər kəs bir-birinə dəstək olmaq üçün əlindən gələni edir. Buna görə də adaptasiya problemi yaşamadım.

– Baş məşqçi Şahin Diniyevlə işləmək sizin üçün rahatdır? Onu bir məşqçi kimi hansı xüsusiyyət fərqləndirir?

– Yaxşı kollektivizimiz, həmçinin yaxşı baş məşqçimiz var. Bizim meydanda işimiz Şahin müəllimin verdiyi tapşırıqları canla-başla yerinə yetirməkdir.

– “Səbail” çempionatda keçirdiyi 6 oyundan sonra cəmi 4 xal toplaya bilib. Yəqin ki, bu nəticə sizi qane etmir. Uğursuz startı nə ilə əlaqələndirirsiniz?

– Keçirdiyimiz 6 tur ərzində daha çox xal qazanmaq gücündəydik. Baxanlar da bilirlər ki, əksər oyunları çox yaxşı keçirmişik. Təəssüf ki, bəzi qarşılaşmalarda bəxtimiz gətirməyib. Amma özümüzə inamımız böyükdür. Tez bir zamanda toparlanaraq, daha yaxşı vəziyyətdə olacağıq.

– Növbəti turda “Sabah”ı qəbul edəcəksiniz. Bu oyundan xal və ya xallarla ayrılmaq şansınız nə qədərdir?

– “Sabah” çox yaxşı komandadır. Bizim üçün çətin oyun olacaq. Amma hər matça qələbə üçün çıxırıq. Hazırda bütün fikrimizi bu görüşə yönəltmişik. Komanda olaraq əlimizdən gələn hər şeyi edəcəyik ki, azarkeşlərimizi sevindirək və xallar qazanaq.

İLQAR AĞAYEV

Shares: