“Turan Tovuz”un müdafiəçisi Emmanuel Hakmanın futbolinfo.az saytına müsahibəsi

– “Sabah”la oyunu dramatik matç adlandırmaq olar. Rəqib iki dəfə önə keçdi, amma siz geridönüş edə bildiniz və xal qazandınız…

– Biz heç vaxt təslim olmayan bir komandayıq. “Sabah”ın yaxşı komanda olduğunu bilirdik, ona görə də oyuna çox yaxşı hazırlaşmışdıq. Hər zaman bir şeyi nəzərə alırıq ki, oyun hələ bitməyib və biz qol vurmağı bacararıq. Sona qədər döyüşdük, mübarizə apardıq.

– Üçüncü qolu da vurdunuz, lakin hakim qeydə almadı. Sizcə, top xətti keçmişdi?

– Bəli, epizoda təkrar-təkrar baxdım və mənim fikrimcə, qolda səhv bir şey yoxdur, təmizdir. Hakim qolumuzu qeydə almalı idi, amma bu, futboldur, belə şeylər hər zaman olur. Artıq başverənlər arxada qaldı, indi diqqətimizi növbəti oyuna yönəltmişik.

– Çempionatın liderisiniz, bu cür başlanğıcı gözləyirdiniz?

– Biz mövsümə çox yaxşı hazırlaşmışdıq. Məqsədimizə, hədəfimizə uyğun toplanış keçmişdik. Hazırda lideriksə, deməli, bunu haqq etmişik. Davam etməliyik, hələ uzun marafon var.

– Yeni  baş məşqçiniz Kurban Berdiyev çox tanınmış mütəxəssisdir. Onun rəhbərliyi altında uğurlu olacağınıza inanırsız?

– Mənim üçün o, çox yaxşı məşqçidir, buna görə də yaxşı işlər görürük. Məşqçimizin məşqlərini və oyun fəlsəfəsini bəyənirəm.

– Sizcə, bu yaxşı başlanğıc sonda bəhrəsini verəcək? Avrokuboklara gedə biləcəksiz?

– Mövsümə yeni başladıq və hələ ki, hər şey yaxşı gedir. Amma avrokuboklar barədə danışmaq istəməzdim.

– Növbəti oyunu evdə “Araz-Naxçıvan”a qarşı oynayacaqsınız. Onlara qalib gələ bilərsiniz. Bu rəqib də mövsümə yaxşı start verib.

– Bəli, “Araz-Naxçıvan” da yaxşı mövsüm keçirir. Buna görə onlarla çətin olacaq. Lakin beynimizdə tək bir şey var. Yalnız qələbə qazanmaq istəyirik. Çətin qarşılaşma olacaq. Ümid edirəm ki, qalib gələcəyik.

ABBAS

Shares: