“Panatinaikos”un baş məşqçisi Ergin Ataman dünən İsrailin “Makkabi” klubu ilə keçirilən yoldaşlıq görüşündə öz xahişi ilə meydançadan uzaqlaşdırılıb. Türkiyəli məşqçinin sözlərinə görə, bunun səbəbi bir neçə nəfər azarkeşin tribunada açdığı bannerdir. Yunan klubunun azarkeşləri “Qanunsuz işğal illərini heç kim unutmur” yazılmış pankartı Kipr münaqişəsinə həsr ediblər.
“Mənim adım Ergin Atamandır və keçən il “Panatinaikos”un “əfsanəvi” mövsümündə baş məşqçi olmuşam. Dostluğu və sülhü təşviq etdiyinə inandığım üçün bu turniri həvəslə dəstəklədim və buraya çox müsbət fikirlərlə gəldim.
Amma dünən idmanın və dostluğun diqqət mərkəzində olması lazım olan arenada kiçik bir qrup siyasi pankart açdı. Burada yaşadığımız qonaqpərvərliyi nəzərə alaraq bunun yersiz olduğunu hiss etdim. Ona görə də bu hadisəyə diqqəti cəlb etmək üçün vəziyyətdən narazılığımı ən sərt şəkildə bildirdim. İdman arenaları siyasi çıxışlar üçün deyil, dostluq və sülhü təşviq etmək üçündür. Əminəm ki, bu pankartı asanların hərəkətləri ilk gündən mənə və komandama sevgisini nümayiş etdirən minlərlə insanın hisslərinə təsir etməyəcək”, – deyə Ataman sosial şəbəkə hesabında yazıb.
Təxribatçı banner həll olunmamış Kipr münaqişəsi ilə bağlıdır. Məlum olduğu kimi, Kipr iki hissəyə bölünür: Avropa Birliyinin üzvü olan beynəlxalq səviyyədə tanınmış Kipr Respublikası və yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikası.