Sentyabrın 14-də “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba Tədris İdman Bazasında sərbəst güləş üzrə açıq məşq təşkil olunub.

Futbolinfo.az xəbər verir ki, açıq məşqdə uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi-müəllimləri, yeniyetmə və gənc güləşçilərdən ibarət idmançılar iştirak edib. İdmançıların yarışlara hazırılığı, texnika və taktikanın yüksəldilməsi mövzusunda keçirilən açıq məşqdə fikir mübadiləsi aparılıb, idmançılara bir sıra tapşırıqlar verilib.

Tədbirdə iştirak edən Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, olimpiya və 3 qat Avropa çempionu, 3 qat dünya ikincisi Namiq Abdullayev, Milli Olimpiya Komitəsinin “Ədalətli Oyunlar” komissiyasının sədri dünya və 2 qat Avropa çempionu Xəzər İsayev, qadın güləşi üzrə millinin böyük məşqçisi, olimpiya və 2 qat Avropa çempionu, dünya ikincisi Toğrul Əsgərov, 2 qat olimpiya mükafatçısı, 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev gənc idmançılara dəyərli məsləhətlər verib.

Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin və güləşin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili və güləşin inkişaf etdirilməsindən ibarət olub.

Tədbirin sonunda, açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.

Shares: