“Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FIBA Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında İsveç təmsilçisi “Norrçöpinq Dolfins”lə oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, mütəxəssis komandanın yenidən qurulduğunu söyləyib:
“Rəqibin oturmuş heyəti var idi. Komanda onurğa sütununu qorumuşdu. Bizdə isə komanda demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik. Biraz zamana ehtiyacımız var. Buna baxmayaraq düşünürəm ki, yaxşı çıxış etdik. Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən hakimlərlə bağlı fikir bildirmirəm. Amma bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq.
İsveç klubu 3 xallıq atışlarda daha dəqiq idi. Ribaundlarda rəqibdən geri qalırdıq. Oyun intizamı baxımından “Norrçöpinq” daha yaxşı təsir bağışlayırdı. Hiss olunurdu ki, artıq uzun müddətdir bir yerdə çıxış edirlər. Oyuna çox yaxşı qoşulan Endərin zədələnməsi rotasiya imkanlarımızı azaltdı. Sona yaxın komanda üzvlərində yorğunluq var idi. İrəli baxmalıyıq. FIBA Avropa Kubokunda mübarizəni davam etdirəcəyik. Bizim kimi çempionlar liqasının təsnifat mərhələsində mübarizəni dayandıran komandalar da burada iştirak edəcək. Bu isə turnirin səviyyəsindən xəbər verir.
“Sabah” yeni komandadır. Bizim buralara gəlməyiniz artıq uğurdur. Biz artıq Avropa Basketbol ailəsinin bir üzvünə çevrilmişik. Hədəfimiz qrupdan çıxmaq olacaq. Bunun alınıb-alınmayacağını isə zaman göstərəcək. İstənilən halda İsveç klubu ilə görüşdə olduğu kimi hər oyunda son saniyəyə kimi təslim olmayan, mübarizə aparan komanda görəcəksiniz”.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena”da təşkil olunan “Sabah” – “Norrçöpinq Dolfins” qarşılaşması Azərbaycan klubunun 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesablı məğlubiyyəti ilə başa çatıb.