“Klubumda baş verən dəyişikliklərin yaxşı və ya pis tərəfdən olduğunu zaman göstərəcək. Lakin 5 oyuna 5 xal yığmağımız yaxşı hal deyil”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında millimizin və “Boluspor”un futbolçusu Vüsal İsgəndərli deyib.
Yığmamızın üzvü bu il Super Liqaya vəsiqə qazanmağın daha çətin olduğunu bildirib: “Yeni mövsümdə qarşımıza Super Liqaya vəsiqə qazanmaq vəzifəsi qoyulub. Amma bu il liqa daha çətindir. Çünki hər kəs Super Liqaya vəsiqə əldə etmək istəyir. İnşallah xeyirlisi olar. Mübarizə aparıb, necə olacağını görəcəyik. Rəhbərlik və məşqçi də bundan narahatdır. Biz də əlimizdən gələni edib, nəticələrimizi düzəltməyə çalışacağıq”.
İsgəndərli Millətlər Liqasının İsveç və Slovakiya ilə oyunlar üçün yığmanın düşərgəsinə çağırılmamasına da münasibət bildirib: “Milliyə dəvət almadım. Normal qarşılayıram. Baş məşqçimizin seçiminə hörmətlə yanaşıram. İndi klubumda daha çox vaxt alıb, daha da çox oynayıb yığmaya dəvət almağa çalışacam. Millətlər Liqasındakı hər iki oyunumuza sona qədər baxdım. İsveçlə matçda hər şey tam fərqli ola bilərdi, amma alınmadı. İnanıram ki, bundan sonra yığmamız yaxşı nəticələr əldə edəcək. Dəvət alsam da, almasam da, millimizə hər zaman qələbə arzulayıram”.
GÜNAY SÜLEYMANOVA