“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən “Ayaks”ın heyətlə bağlı problemləri davam edir.

Futbolinfo.az Niderland mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin 4 futbolçusu hazırda zədədən əziyyət çəkir. Bunlar müdafiəçi Qaston Avila, yarımmüdafiəçilər Sivert Mannsverk, Stiven Berquis və hücumçu Amurriço van Aksel Dongendir. Argentinalı Avila bu ilin yanvarından, niderlandlı Dongen isə apreldən komandadan ayrı qalıb. Onların nə zaman sıraya dönəcəkləri bəlli deyil.

Bir neçə gün əvvəl topuğundan xəsarət alan norveçli Mannsverkin oktyabrın ortalarında kollektivlə birgə məşqlərə başlaması gözlənilir. Digərləri kimi, onun da “Qarabağ”la matçda iştirakı sual altındadır.

Yalnız Berquisla bağlı vəziyyət baş məşqçi Françesko Fariolini sevindirir. Çünki vitse-kapitanın yaxın günlərdə komandasına kömək edəcək durumda olması ehtimal edilir.

Qeyd edək ki, “Ayaks”la “Qarabağ” arasında Liqa mərhələsinin 3-cü tur oyunu oktyabrın 24-də Bakıda keçiriləcək.

Shares: