“Neftçi” Qara Qarayevlə yollarını ayırıb.

Futbolinfo.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.

Ötən ilin yayında “Qarabağ”dan “ağ-qaralar”a keçən milli komandamızın sabiq üzvü bu mövsümün əvvəlindən əsas heyət üzünə həsrət qalıb. Ötən gün klubdan ayrılan idman direktoru Yens Andersson Qarayevin yolunu bağlayan ad idi. Nəticədə futbolçu əvəzedici heyətə göndərilməli olmuşdu.

Təcrübəli oyunçu yalnız təzminatını alacağı təqdirdə ayrılmağa razı idi. Lakin rəhbərlik 2-3 aylıq əməkhaqqını ödəməklə buna nail olmağı arzulayırdı. Nəhayət, tərəflər ortaq məxrəcə gələ biliblər. Nəticədə Qarayev artıq azad agent statusu alıb. Klub tezliklə bu ayrılığı elan edəcək.

Qeyd edək ki, Qara Qarayevin “Neftçi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər idi.

Shares: