ABŞ-nin Federal Təhqiqat Bürosu “IndyCar”da çıxış edən “Rahal Letterman Lanigan Racing” (RLL) komandasının bazasına basqın edib. Baza İndiana ştatının Zionsvill şəhərində yerləşir.

“Racer” nəşrinin yazdığı xəbərə görə, FTB agentləri komanda üzvlərindən bütün kompüterləri və digər elektron cihazları yerində qoymağı, yalnız şəxsi əşyalarını götürməyi və binanı tərk etməyi tələb ediblər. Bundan sonra Amerika hüquq-mühafizə orqanlarının nümayəndələri istintaq işlərinə başlayıblar.

Onların sürpriz səfərinin səbəbi adı açıqlanmayan keçmiş “Andretti Global” texnikinin bir müddət əvvəl RLL-də işə girməsidir. “Andretti Global” onların əqli mülkiyyəti olan məlumatları digər komandaya qanunsuz ötürülməsinə görə şikayət edib.

“İstintaq davam etdiyi üçün paylaşa biləcəyimiz məlumatlar məhduddur, lakin ən qısa zamanda mətbuata əlavə məlumat verəcəyik”, – deyə “RLL Racing”dən bildirilib.

Shares: