II Liqada çıxış edən “Kür-Araz” klubunun təcrübəli futbolçusu Ramazan Abbasovun futbolinfo.az saytına müsahibəsi
– II Liqanın 3-cü turunda çempionatın iddialı komandalarından olan “Şəfa” ilə 1:1 hesablı heç-heçə etdiniz. Hesab oyuna görə oldu?
– Bildiyiniz kimi, keçən il “Baku Sportinq”in heyətində çempion olmuş futbolçuların əksəriyyəti hazırda “Şəfa”da çıxış edir. Rəqib bu mövsüm çempionluğa iddialıdır. Matç ərzində “Şəfa”nın da qol imkanları oldu, bizim də. Hər iki komanda qələbə qazana bilərdi. Fikrimcə, hesab oyuna görə oldu. İki dəfə rəqib qapıçı ilə təkbətək epizodu dəyərləndirə bilmədik, bir epizodda isə komanda yoldaşımın zərbəsi dirəyə dəydi.
– “Kür-Araz”ın bərabərlik qoluna siz imza atdınız və vurduğunuz qol baxımlı alındı. Hazırda 41 yaşınız olsa da, qol duyumunuz azalmayıb…
– İmkan düşdü, dəyərləndirdim. Top mənə sarı gələndə hiss etdim ki, onu qəbul edərək dərhal qapıya zərbə endirmək lazımdır. Bu da təcrübədən irəli gəlir. Şükürlər olsun ki, top çərçivəyə getdi və baxımlı qol alındı.
– “Kür-Araz” cari mövsümün ilk 3 turundan sonra cəmi 2 xal toplayıb. Yəqin ki, bu nəticə sizi qane etmir. Hələ qələbə qazana bilməməyinizin səbəbini nədə görürsünüz?
– Əlbəttə ki, bu, ürəkaçan nəticə deyil. Amma son 2 oyunda qarşılaşdığımız rəqiblər – “Şahdağ Qusar” və “Şəfa” güclü komandalardır. İlk turda isə mən oynamamışdım. Həmin görüşdə səfərdə “Ağdaş”a qalib gəlmək olardı. Xeyli sayda qol epizodlarımız olsa da, yekunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. İnanıram ki, növbəti turlarda “Kür-Araz” daha yaxşı nəticələr əldə edəcək.
– “Kür-Araz”ın ötən mövsümkü heyəti ilə hazırkını müqayisə etsək, hansı güclüdür?
– Cavid İmamverdiyevin yoxluğu hiss olunur. Ön xətdə Cavidin yer alması ötən mövsüm komandanın işini asanlaşdırırdı, onunla oynamaq çox rahat idi. İmamverdiyevin top itirmək ehtimalı azdır. Həqiqətən də, çox texnikalıdır. Artıq çəkisi olsa belə, o çəki ilə çox rahat oynayırdı. Komandamıza bəzi yeni uşaqlar gəlib. İnanıram ki, bir-birimizə tam uyğunlaşandan sonra daha yaxşı nəticələrə nail olacağıq.
– Növbəti turda “Qusar”ı qəbul edəcəksiniz? Bu matçda şansları necə dəyərləndirirsiniz?
– Evdə oynayacağımız üçün məqsədimiz ancaq qələbə qazanmaq olacaq. Amma futboldur, hər bir nəticə qeydə alına bilər. Allahın köməyi ilə qalib gələrik. Bunu bacaracağımıza inanıram.
AĞA