Qara Qarayevin yeni klubunun adı tezliklə bəlli olacaq. “Neftçi”dən ayrılan yarımmüdafiəçinin “Sabah”a keçəcəyi gözlənilir.

Futbolinfo.az xəbər verir ki, 12 il “Qarabağ”da çıxış edən, son mövsümü “Neftçi”də keçirən 31 yaşlı yarımmüdafiəçi müqaviləsini qarşılıqlı razılıqla pozub. Baş məşqçi Roman Qriqorçukun istəmədiyi, son vaxtlar əvəzedici heyətdə çıxış edən Qarayev anlaşmasının sonuna – gələn ilin yayınadək komandada qalmaq istəsə də, son anda fikrini dəyişib.

Azərbaycanda transfer pəncərəsi sentyabrın 16-ı, saat 23:59-da bağlanıb. Qara isə yalnız dünən “Neftçi” ilə müqaviləsini pozub. İndi o, sərbəst oyunçudur, amma yeni kluba keçməsi üçün sənədinin qaydasında olması lazımdır. “Neftçi” onun buraxılış vərəqini geri tarixə, pəncərə bağlanan vaxta kimi yazmasa, Qarayev ən azı qışadək klubsuz qalacaq.

Əldə etdiyimiz məlumata görə, “Sabah” futbolçu ilə danışıq aparır, razılıq əldə olunub. Sənədlər qaydasında olsa, Qara sərbəst oyunçu kimi siyahıya düşsə, keçid rəsmiləşəcək.

Shares: