“Komandamız yenidir, yolumuza təzə başlamışıq. İnanıram ki, qarşıda çox uğurlara imza atacağıq”. Bunu futbolinfo.az saytına açıqlamasında “Sabah” basketbol komandasının kapitanı Endər Poladxanlı deyib. O, FIBA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin 1/4 finalında “Norrçepinq Dolfins”ə (İsveç) qarşı keçirdikləri oyun barədə danışıb.

Kapitan məğlubiyyətə səbəblərdən biri kimi özünün də zədələnərək, oyunu davam etdirə bilməməsini göstərib: “Çox təssüf ki, belə alındı. Biz Antalyaya qələbə üçün yollanmışdıq. Növbəti mərhələyə keçməyi çox istəyirdik. Lakin bu, idmandır və təəssüf ki, məğlub olduq. Sadəcə, bizim günümüz deyildi. Demək ki, xeyirlisi bu imiş. Rəqib neçə illərdir ki, eyni heyətlə çıxış edir, bir-birilərini daha yaxşı tanıyıb, başa düşürlər. Eyni zamanda mən zədə aldıqdan sonra bizdə rotasiya imkanları azaldı. Oyunu davam etdirə bilmədiyimə görə bizim basketbolçular çox yorulmuşdular. Bu da səbəblərdən biri oldu. Hesab edirəm ki, son saniyəyə kimi qalib bilinmirdi. Yaxşı mübarizə apardıq. Lakin qəbul etmək lazımdır ki, rəqib həmin gün bizdən daha güclü idi”.

Poladxanlı FIBA Avropa Kubokunda ən azı qrup mərhələsinə keçəcəklərinə inanır: “Səhvlərimizin üzərində çalışıb, Avropa Kubokunda ölkəmizi layiqincə təmsil etməliyik. Hədəfimiz ən azı qrup mərhələsinə düşməkdir. Çünki keçən il bunu bacarmadıq. Bu il hədəflərimiz daha yüksəkdir. Pley-offda addım-addım irəliləməyə çalışacağıq. Avropa Kubokunun başlamasına çox az vaxt qalıb. Bəzi səhvlər, zəif nöqtələrimiz var. Onların üzərində çalışıb, aradan qaldırıb ölkəmizi layiqincə təmsil etmək istəyirik”.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena”da təşkil olunan qarşılaşma Azərbaycan klubunun 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesablı məğlubiyyəti ilə başa çatıb.

GÜNAY SÜLEYMANOVA

Shares: