“Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandes ölkəsinin mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı qolkiper Azərbaycana köçmə qərarından danışıb.

O, karyerasında ilk dəfə legioner həyatı yaşadığını da sözlərinə əlavə edib: “Portuqaliyadan ayrılmaq ani baş verdi. Xaricdə təcrübə yaşamaq həmişə istədiyim bir şey idi. Bunun “qaranlıqda bir atəş” olduğunu bilirdim. Amma həyatımızda və karyeramızda qəbul etməli olduğumuz vəziyyətlər var. Azərbaycan Premyer Liqası Portuqaliya çempionatından fərqli, lakin rəqabətlidir. Orada bu günə qədər mənə çox yaxşı münasibət göstərildi, ilk gündən xoş qarşılandım”.

Premyer Liqanın son 3 turunda qapısından qol buraxmayan Fernandes bunu təkcə öz uğuru kimi qələmə verməyib: “Futbol komanda oyunudur. Uğuru bir nəfərə aid edə bilmərik. Bütün komanda üçün işlər yaxşı gedir və məqsəd bunu davam etdirməkdir. Ancaq futbolda hər şey çox tez dəyişir. İşlərin rəvan getməsi üçün hər zaman mümkün qədər çox işləməyə hazır olmalısan”.

Qeyd edək ki, “Şamaxı” 5 turdan sonra 8 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

Shares: