O, son illər Azərbaycana gələn ən yaxşı qapıçılardan biridir. Hər halda, bir legioner futbolçuya qiymət vermək istəyiriksə, təkcə çempionatda yox, həm də avrokuboklarda komandasına verdiyi faydanı nəzərə almalıyıq. Bu mənada “Zirə”nin portuqaliyalısı Tyaqu Silva ümidləri doğruldur. Sabit çıxışı və “Osiyek”lə oyunda 4 penalti dəf etməsi Tyaqunun vizit vərəqinə çevrilməlidir.
Onun çıxışını çox izləsək də, futbol bilikləri və təsəvvürlərindən tam xəbərdar deyilik. Təbii ki, bizə də daha çox onun “Zirə”yə qədərki karyerası və Portuqaliya futbolu haqda fikirləri maraqlıdır.
– Tyaqu Silva deyəndə bir futbol həvəskarının ağlına Braziliya millisinin təcrübəli müdafiəçisi gəlir. Yəqin, çox olub, səni görənlər bunu sənə xatırladır…
– Bəli, bəzən insanlar bunu bir zarafata çevirir. Məsələn, “Vitoriya Gimaraynş”da da Tyaqu Silva adlı bir oyunçu var. İnsanlara bu, maraqlı gəlir. Hətta bəzən səhv də salırlar. Hətta sevdiyim xanım öz valideynlərinə “Tyaqu Silva ilə görüşürəm” bildirəndə, ailəsi onun braziliyalı müdafiəçi ilə münasibət qurduğunu zənn etmişdi.
– Yeri gəlmişkən, elə sevdiyiniz xanımdan söz açaq. Bizdə olan informasiyaya görə, “Azərreyl”in sabiq voleybolçusu Qabrielle Benda ilə görüşürsünüz.
– Təbii ki, Bakı elə də böyük şəhər deyil. Yerli komandalarda çıxış edən əcnəbilər əksəriyyəti bir-birini yaxşı tanıyır. Dəxli yoxdur, istər voleybol, istərsə də futbol komandaları olsun. Hətta biz bir-birimizi tanımadığımız halda belə şəhərdə bir-birimizlə münasibətlər qurmağa çalışırıq. Günlərin bir günü komanda yoldaşlarımla şəhərə çıxmaq qərarına gəldik. Həmin məqamda “Azərreyl”in voleybolçuları da gəzintiyə çıxmışdı. Biz orada tanış olduq. Hazırda da münasibətlərimiz davam edir.
– Qardaşınız da basketbolçudur və Portuqaliyanın yüksək divizionunda çıxış edir.
– Qardaşım Serjio Silva peşəkar basketbolçudur. O, son iki mövsümü “Benfika”da keçirib və ardıcıl ölkə çempionu olub. Əslində, elə yeniyetmə ikən basketbolun sirlərinə “Benfika”da yiyələnib. Sonra Superliqanın başqa klublarına keçib. Yeni mövsümdən isə “Sportinq”də çıxış edəcək. Belə baxanda, onun hansı kollektivdə oynamasının heç bir önəmi yoxdur. Əsas məsələ onun çıxışıdır. Bu ildən mən də “Sportinq”in azarkeşi olacağam.
– MBA və ya Avroliqanı izləyirsənmi?
– Əlbəttə. Hətta etiraf edim ki, basketbolu futboldan daha çox izləyirəm. Ümumiyyətlə, izləmək planında basketbol ən sevdiyim idman növüdür. Daha çox Avropada keçirilən turnirə üstünlük verirəm. Çünki okeanın o tayında kollektivdə hansısa bir oyunçunun fərdi özəllikləri ön plana çıxırsa, Avropada biz açıq-aşkar komandaların gücünü görə bilirik. Avropa basketbolunda əsas mahiyyət kollektivçilikdir. Yeri gəlmişkən, mən sevgilim Qabrielle ilə birgə basketbol üzrə Azərbaycan çempionatının oyunlarından birini tribunadan da izləmişəm. Doğrusu, komandaların adlarını xatırlamıram.
– Bəs, ən sevdiyin klublar hansılardır?
– Amerikada “Qolden Steyt Uorrriors”u dəstəkləyirəm, Avropada isə azarkeşlik etdiyim futbol klubu kimi “Real”ın basketbol komandasının fanatıyam.
– Elədirsə, niyə məhz basketbolu yox, futbolu seçdin və niyə məhz qapıçı oldun?
– Təbii ki, biri izləməklə, digəri oynamaqla bağlıdır. Qeyd etdiyim kimi, basketbol izləməyi daha çox sevsəm də, uşaq yaşlarımdan üzgüçülüklə məşğul olmuşam. Demək olar ki, səhər saat 6-7-də oyanırdım, ilk növbədə üzgüçülük məşqinə yollanırdım, sonra oradan məktəbə gedirdim, məktəbdən sonra da basketbol məşqlərinə qatılırdım. Bir neçə il belə davam etdikdən sonra nəsə dəyişiklik etmək qərarına gəldim. Bir növ valideynlərimə də təzyiq göstərdim ki, futbol oynamaq istəyirəm. Əvvəlcə, doğulub boya-başa çatdığım şəhərin komandasında oynamağa başladım. Onlar gördü ki, məndə qapıçılqla bağlı müəyyən istedad var. Daha sonra “Benfika” akademiyasına keçdim. Normalda dostlarım və ya qardaşımla basketbol oynamağı sevirəm.
– Peşəkar müqavilə imzalayana qədər 5 klubda futbolun sirlərinə yiyələnmisən. Söhbət “Arrentela”, “Benfika”, “Belenenseş”, “Aveş” və “Vitoriya Gimaraynş”dan gedir. Niyə bu qədər çox yer dəyişmisən?
– Əvvəlcə, yaşadığım yerə yaxın komanda olan “Arrentela”da məşqlərə başladım. Təbii ki, futbol seçimlər üzərində qurulub. Daha sonra “Benfika” kimi böyük klubun akademiyasının üzvünə çevrildim. Haradasa 7-8 il orada qaldım. Doğrusu, bu akademiyanın bir parçası olmaq məni çox sevindirirdi. Daha sonra “Belenenseş”ə keçdim. Tez-tez dəyişiklik etməyin səbəbi bir komandada xoşbəxt olmamağınla əlaqəli ola bilər. Doğrusu, mən az büdcəli komandalarda oynamaqla bağlı problem yaşamıram. Sadəcə, hansısa bir komandada oynamaqla bağlı problemlərlə üzləşirsənsə, şans qazanacağın yerə getməlisən. Mən “Aveş”ə gedəndə bu komanda çətin vəziyyətdə idi. Mənimlə daha bir neçə gənc futbolçu ora cəlb olunmuşdu. Biz komandanı çətin vəziyyətdən çıxartdıq. Bizim çıxışımız “Vitoriya Gimaraynş” skautlarının diqqətindən yayınmadı. Nəticədə biz bir neçə nəfər həmin kluba üz tutduq. Bundan sonra karyeramı Portuqaliyanın ikinci divizionunda davam etdirdim.
– Yeniyetmə və gənclərdən ibarət komandaları və daha sonra peşəkar müqavilə imzaladığın klubları bir yerə cəm etsək, orada indiki məşhurlardan kiminlə yanaşı çıxış etmisən?
– Bu mənada Joao Feliks, Jedson Fernandeş, hazırda “Renn”də çıxış edən Jota kimi tanınan Joao Pedro Neves Felipe və təbii ki, Vitinyanın adını çəkə bilərəm.
– Setubal əyalətinin Seyşal şəhərində dünyaya gəlmisən.Seyşaldan çıxan futbolçulardan danışmalı olsaq, DÇ-1966-nın qəhrəmanlarından olan Antonio Simoeş yada düşür. Eysebio ilə çiyin-çiyinə oynayan hücumçu. Onun haqda nə deyə bilərsən? Heç olmasa, kadrlarını izləmisən?
– Təbii ki, bu futbolçularım mənim yaşadığım dövrdə oynamayıb. Onlar oynayanda mən anadan olmamışdım. Amma böyüdüyüm zaman bu futbolçulardan danışılanda artıq məndə müəyyən fikirlər formalaşırdı. Hazırda “Benfika”nın çıxış etdiyi “Da Luj” stadionunun önündə Eysebionun heykəli ucaldılıb. Təbii ki, sən “Benfika”dan danışırsansa, Eysebiodan da söz açmalısan. Eysebio deyəndə “Benfika”, “Benfika” deyəndə Eysebio yada düşür.
– Keçək Azərbaycanda bir günün içində social şəbəkələrdə günün əsas mövzusu olmağınla bağlı məsələyə. “Osiyek”in 4 penaltisini dəf etdin. Bu, necə alındı?
– Əlbəttə, bu, mənim həm həyatım, həm də karyeramda unudulmaz bir səhifə olacaq. Bu anları heç vaxt yaddan çıxartmayacağam. Bəlkə də karyeramın ən yaxşı anları idi. Əlbəttə, sən yaxşı mənada müzakirə mövzusuna çevrilirsənsə, bu, çox xoş vəziyyətdir. Təkcə mən yox, ümumiyyətlə komandamın yaxşı mənada müzakirəsi gözəldir. Bu, bir növ mənə sübut etdi ki, karyeramda istədiklərimi əldə etmək üçün doğru yolda addımlayıram. Amma dayanmamaq və irəli addımlamaq lazımdır. Mən hələ öz üzərimdə çalışmalıyam.
– Bir qapıçının 4 penaltini dəf etməsi deyəndə futbol həvəskarları dərhal 1986-cı ildə Çempionlar Kubokunun finalında “Styaua”nın qapıçısı Helmut Dukadamı xatırlayır. Ümumiyyətlə, həmin qəhrəmanlıqdan xəbərin var?
– Həmin oyundan sonra seyvlərim çox paylaşıldı. Doğrusu, mən bu oyuna qədər dediyiniz faktdan məlumatsız idim. Həmin gün sosial şəbəkələrdə bir jurnalist Dukadamın qəhrəmanlığı ilə bağlı xatırlatma məqsədi ilə bir məlumat paylaşdı. İlk dəfə onda bildim. Ümumiyyətlə, komandanın və ya Azərbaycan futbolunun tarixinə keçmək çox xoşdur. Amma unutmayaq ki, bu, artıq keçmişdə qaldı. Keçmişdə ilişib qalmaq doğru deyil.
– İki sualı birdən verim: səncə tarixin ən güclü qapıçısı kimdir və sən özün daha çox hansı qolkiperdən ilhamlanırsan?
– Tarixin ən güclü qapıçısı ilə bağlı suala cavab vermək çətindir. Təbii ki, keçmişdə çıxış edən qapıçıları izləmək şansım olmayıb. Amma izlədiklərim içərisində Canluici Buffonun yeri ayrıdır. Bəzən qapıçılar uçaraq seyv etməyi sevir. Halbuki, bunun əvəzinə doğru mövqedə qərarlaşıb topu rahat şəkildə tutmaq lazımdır. Təəssüf ki, müasir dövrdə əksər qapıçılar publikaya oynamağı sevir. Amma Buffon və ya Yan Oblak kimi qapıçılar doğru yer seçməyi ilə dogərlərindən fərqlənir.
– Portuqaliyadan Ronaldo, Eysebio, Pauleta kimi dünya səviyyəli hücumçular, Fiqu, Nani, Bernardo Silva kimi yarımmüdafiəçilər, Pepe, Karvalyo kimi müdafiəçilər çıxıb. Niyə ölkənizdə dünya futboluna damğa vuran qapıçılar yetişməyib?
– Mən bu fikirlə razılaşmazdım. Portuqaliyanın Vitor Baya kimi qapıçısı olub. Onun möhtəşəm karyerası olub. Daha sonra “Sevilya” ilə iki dəfə Avropa Liqasının qalibi olan Betunun da adını çəkə bilərəm. Yeri gəlmişkən, o Türkiyədə “Göztəpə” klubunun da şərəfini qoruyub. Son illərdə isə millimizin və “Portu”nun qapıçısı Dieqo Koşta da əla çıxışı ilə diqqət çəkir. Çox keçməz ki, onu “Real”, “Barselona” və “Bayern” kimi klublarda görəcəksiniz. Ola bilsin ki, gələcəkdə mən də Koştanın səviyyəsinə yüksələcəyəm (gülür).
– Millimizin sabiq qapıçısı Kamran Ağayev “Boavişta”da çıxış edib. Xatırlayırsanmı?
– Açığı, Azərbaycana gələnə qədər Portuqaliyada onun çıxışına əhəmiyyət verməmişdim. Çünki ölkəmizə çoxlu əcnəbi futbolçular gəlir. Bura gəldikdən sonra mənə demişdilər ki, bizim bir qapıçımız “Boavişta”da oynayıb. “Boavişta” Portuqaliyanın məşhur komandalarından biridir. Hazırda onlar maliyyə böhranı yaşayır. UEFA onlara transfer qadağası qoyub. Dekabrda bu qadağa ləğv olunacaq.
– Bəlkə ipucu verim? Kamran “Boavişta”da oynayarkən, “Da Luj”a səfər etmişdilər və “Benfika” ilə 3:3 hesabı ilə başa çatan oyunda dava-dalaş düşmüşdü. Kamran da həmin oyunda qalmaqalla yadda qalanlardan biri idi.
– Mən belə fikirləşirəm ki, “Boavişta”da oynamaq zövqlü olub. Onların böyük komandaya çevrilmək üçün əllərində hər cür imkan var. Həmin oyunu indi siz deyirsiniz, mən xatırlayıram. Doğrusu, bu, məni təəccübləndirmədi. Həmin vaxt “Boavişta” yaxşı komanda idi.
– Fernandu Santuşun Azərbaycan millisinə baş məşqçi təyin olunmasını eşidəndə necə reaksiya verdin?
– Azərbaycanda çıxış edən bir portuqaliyalı olaraq onun buraya gəlişindən məmnunam. Bu adam artıq Portuqaliyada tarixə düşüb. O, bizim milliyə tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb. Eynisini Azərbaycan millisində edib-etməyəcəyini deyə bilmərəm, amma əminəm ki, Azərbaycanda futbolu tamam fərqli bir səviyyəyə yüksəldəcək. Onu yaxşı bilirəm ki, o, sizin yığmaya uğur qazandırmaq üçün əlindən gələni edəcək. Mən sizin komandanın İsveç və Slovakiya seçmələri ilə oyunlarını izlədim. Həqiqətən də komanda baxımlı oyun nümayiş etdirir. Bəzi epizodlarda görürsən ki, bəxtsizliklə üzləşir. Amma komanda oyunu sərgiləyə bilirlər. İsveçlə oyunda bir neçə təhlükəli qol vəziyyətləri yarandı. Düşünürəm ki, gələcəkdə bu qol fürsətlərindən yararlana biləcəklər.
– Santuşun Portuqaliyası Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Mərakeş millisini adlaya bilmədi, daha sonra Polşa yığmasında uğursuzluq yaşandı və “Beşiktaş”da ümidləri doğrulda bilmədi. Bu, bizi qorxutmamalıdır?
– Biz həyatımızın hər səhifəsində uğurlu ola bilmərik. Əsas öz keyfiyyətimiz və bacarığımıza inanıb davam etməliyik.Təbii ki, Avropa çempionatının qalibi olandan sonra milli ilə bağlı gözləntilər artır. Amma büdrədikdən sonra məşqçini istefaya göndərmək asanlaşır. Sən uğur qazanandan sonra məsuliyyətin artır və insanlar haqqında daha çox danışmağa başlayır. Bu o demək deyil ki, işlədiyin hər yerdə uğurlu olacaqsan. Nə Santuş, nə Kriştianu Ronaldo, nə də mən getdiyimiz hər yerdə uğurlu ola bilmərik.
– Sənə elə gəlmir ki, Roberto Martines son Avropa çempionatında artıq “çatdıra bilməyən” Ronaldonu hər oyunda meydana salmaqla və onu sona qədər saxlamaqla komandanı çətin vəziyyətə saldı. Ronaldosuz komanda daha sürətli futbol oynayıb uğur qazana bilərdimi?
– Portuqaliyada bu mənada fikirlər müxtəlifdir. Bəzi insanlar deyir ki, artıq Kriştianunun adı ilk “11-lik”də olmamalıdır, bəziləri isə tarixi xatırlayıb onun əsas heyətdə oynamalı olduğunu söyləyir. Mən Ronaldonu dəstəkləyənlər tərəfindəyəm. İstər 17, istərsə də 70 yaşında olsun – onu həmişə milli komandada görmək istəyərdim. Çünki bu insan mənim gördüyüm nəinki ən yaxşı futbolçu, həm də ən yaxşı idmançıdır. Ronaldo bir idmançının mental hazırlığının nə dərəcədə yüksək olmasının ən bariz nümunəsidir.
– Artıq Eysebionu keçib?
– Təbii ki, Ronaldonun etdikləri çox fərqlidir. Eysebionun çıxışını yalnız epizodlarla izləmişəm. İndi futbol çox dəyişib. Eysebionun vaxtında futbolda boş zona tapmaq necə asan idisə, müasir futbolda bunu edə bilmirsən. Əvvəllər futbolçuların şəxsi keyfiyyəti önə çıxırdısa, indi qol vurmaq çox çətinləşib. Ona görə də mən Ronaldonu tarixin ən yaxşı idmançısı kimi görürəm.
– Bir basketbol həvəskarı kimi onu Maykl Cordan da üstün tutursan?
– Əlbəttə, mən bir portuqaliyalı kimi buna belə cavab verirəm. Kriştianu vətənimizdə hər bir uşaq üçün örnəkdir. Sadəcə, gördüklərimə əsasən bunu deyirəm. Bir idmançının mübarizə apararkən onun mental hazırlığına daha çox fikir verirəm. Mən Cordanın oyununu canlı izləməmişəm, amma Kobi Brayantın oyunlarına baxmışam. Kobi mənə ilham verənlərdən biri olub.
– Əvvəllər futbolçu, Joze Mourinyonun “Portu” inqilabından sonra da məşqçi “istehsal edirsiniz”. İspanlar güclüdür, yoxsa siz?
– Mənə görə, portuqaliyalı məşqçilər. Həm də ki, hazırkı vəziyyətə görə də bu belədir. Mən onların çempionatımızdakı iş prinsipindən xəbərdaram. Bəlkə Xosep Qvardiolanı xüsusi fərqləndirmək olar. Onu da mən portuqallaşdırmaq istəyərdim (gülür). O, tamamilə fərqli məşqçidir. İndi nə qədər dünyaya yayılan portuqaliyalı məşqçi görürsünüzsə, növbəti illər onların sayı bir qədər də artacaq.
– Azərbaycanda Türkiyə futbolunun fanatları çoxdur. Joze Mourinyo “Fənərbağça”ya nə verəcək?
– Doğrudur, Türkiyə futbolunun daimi izləyicisi deyiləm. Amma bəzən derbi oyunlarına baxıram. Verdiyiniz suala daha yaxşı cavabı Mourinyo verə bilər. Mourinyo İstanbul klubunun orta səviyyəli bir məşqçisi olmaq istəməz. O, Türkiyə çempionatı tarixinin ən yaxşı məşqçilərindən biri olmağa çalışacaq. Məsələn, mənim Azərbaycana gəlişim digər portuqaliyalı qapıçılar üçün Azərbaycana gəlmək yolunda cığır açacaq. Mourinyo da portuqaliyalı məşqçilər üçün Türkiyəyə gəlmək üçün cığır ola bilər.
– “Fənərbağça”nı elə son illər portuqaliyalı məşqçilər çalışdırır…
– Hər halda, Mourinyo Türkiyəyə gedirsə, bu artıq məşqçilər üçün qapıdır…
TAHİR MİRZƏ