Son olimpiya çempionu və “Halkbank”ın üzvü vətəninə dönür. Fransa millisinin üzvü, ikiqat olimpiya çempionu Erven Nqapet yeni klubu ilə bağlı qərar verib. Voleybolçu karyerasını vətənində, “Puatye” klubunda davam etdirəcək.

Xatırladaq ki, Nqapet karyerasına bu komandanın sistemində başlayıb.

Müqavilə bir mövsümlük bağlanacaq. Lakin qışda voleybolçu uyğun təklif alacağı təqdirdə klubu tərk etmək imkanına malikdir. Fransa mətbuatının məlumatına görə, müqavilənin məbləği 500 min avrodan bir qədər az olacaq.

Bundan əlavə, voleybolçu 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadadan sonra karyerasını başa vuracağını açıqlayıb. Nqapet üçqat olimpiya çempionu olmaq istəyir.

“Puatye” ötən mövsüm Fransa çempionatında 11-ci yeri tutub. Ngapet isə son mövsümü Türkiyənin “Halkbank” komandasında keçirib. Fransız voleybolçu karyerası ərzində “Trua”, İtaliyanın “Kuneo” və “Modena”, Rusiyanın “Kuzbass” və “Zenit-Kazan” klublarında da çıxış edib. Bu yaxınlarda Nqapet qısamüddətli müqavilə əsasında İndoneziyanın “Cakarta Bhayanqkara” klubunun tərkibində Asiya Klublararası Çempionatının bürünc mükafatçısı olub.

Shares: