NTD-nin baş məşqçisi Tahir Baxşıyev komandanın Azərbaycan Basketbol Liqasına hazırlığını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə danışıb.

O, məşqlərin ağır keçdiyini söyləyib:

“Biz artıq hazırlığa başlamışıq. Komandada beş yeni legioner var. Hamısı gənc oyunçulardır. Düşünürəm ki, liqada ən gənc komanda NTD olacaq. Bu uşaqlar böyüyəcəklər. Bizim üçün çətin olacaq. Bu il çempionat daha da güclənəcək. Ancaq həmişəki kimi özümüzü göstərmək üçün hər şeyi edəcəyik. İndi ağır məşqlər edirik. Bazar günü Qalen Smit bizə qoşulacaq. O, iş prinsiplərimizi bilir. Onun üçün daha asan olacaq. Tezliklə Əkbər Məmmədov da komandaya qoşulacaq. Hazırda gənc oyunçularla işləyirik. Hamı çalışır və mən də onlardan razıyam. Gələn həftədən etibarən tam heyətlə məşqlərə başlayacağıq”.

Mütəxəssis yeni mövsümdən çempionatın daha da güclənəcəyini vurğulayıb:

“Yeni mövsümdən legioner limiti dəyişir. Çempionat daha da güclənəcək. Hətta son mövsüm autsayder olan klublar da çox artıracaqlar. İndi proqnoz verməkdə çətinlik çəkirəm. Avrokuboklarda çıxış edən “Sabah”dan başqa heç bir komanda haqqında ətraflı məlumatım yoxdur. Təbii ki, “Sabah” fərqlənir. Qalan klublar barədə hələ bir şey deyə bilmərəm. Çempionatın oyunları hər şeyi göstərəcək. Düşünürəm ki, bu çempionat daha möhtəşəm olacaq”.

Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümü oktyabrın 18-də start götürəcək.

Shares: