“Kəpəz” bu gün Misli Premyer Liqasının 7-ci turunun açılış matçında “Şamaxı” ilə qarşılaşıb.

Futbolinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 0:2 hesabı ilə məğlub olan Gəncə klubunun baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib.

Bağırov komandada problemlərin çox olduğunu bildirib:

“Komandada elə bir ab-hava var ki, oyundan-oyuna adaptasıya oluna bilmir. Gələndən bəzi dəyişikliklər etmək istəsək də, komandada problemlər çoxdur. Hücumda, müdafədə dəyişikliklər etməliyik. Bu gün müdafiədə kobud səhvlərə yol verdik.

Mən nikbin adamam, düşünürəm ki, nəticələr düzələcək, çünki yeni oyunçular qoşulmalıdır komandaya. Qol vura bilmirsənsə, istər-istəməz rəqib fərqlənəcək. Səhvlər üzərində işləyəcəyik. Düşünürəm ki, səhvləri aradan qaldırsaq, nəticələr gələcək. Ümidə bağlı qalsaq, çox gedə bilmərik. İş görməliyik.

İkinci hissədə təzyiq olmadığına görə daha yaxşı oynadıq. Bu oyunda müdafiədəki o səhvlər olmasaydı, oyun başqa axarda gedə bilərdi.

Mən bu gün burdayamsa, özüm üçün futbolçularımı ulduza çevirməliyəm. Onları inkişaf etdirməliyəm. Böyük ölçüdə dəyişikliklər olacaq.

Bu gün “Kəpəz” Azərin deyil, sizindir, azarkeşlərindir. Çıxış yolu söymək, futbolçunu döymək deyil. Mən futbolçularımın daim arxasındayam və bilirəm ki, təzyiq göstərmək, söymək, döyməklə bu vəziyyət düzələn deyil. Bu gün əlimizdə olan budur. Gəlin bunları ayağa qaldıraq. Bu futbolçulara dəstək olub çıxış yolu axtarmalıyıq. Bu gün futbolçularımın arxasındayam. Kim bizə dəstək olacaqsa, onlarla bu nəticələri yaxşılaşdıracağıq, kim dəstək olmayacaqsa, “Kəpəz” olaraq onlara da qarşı mübarizə aparacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp