Qarşıda “Tottenhem”lə matç olmasaydı, “Qarabağ” bütün gücünü sərf etsəydi, nəticənin necə olacağını təsəvvür belə etmək olmur. Bəlkə elə London səfərinə görə ağdamlılar işi tez bitirib fasilədən sonra gücünə qənaət etdi, bəzi futbolçulara istirahət verdi.

O dəqiqdir ki, “Qarabağ” növbəti çempionluq üçün böyük addım atdı və əsas rəqibindən 11 xal aralandı, üstəlik, bir oyun da ehtiyatda var. Qurban Qurbanovun yetirmələri aşkar səviyyə fərqi göstərdi, layiqli qələbə qazandı. Komanda hətta bütün gücünü sərf etmədən fasiləyədək 3 qol vurdu, son dəqiqələrdə isə sanki məşqi ikitərəfli oyunda vurulan qolla yekunlaşdırdı. Bir-birindən gözəl alınan qollar, kombinasiyalar – belə şeyləri adətən məşqdə işləyirlər.

“Neftçi”də vəziyyət başqadır. 7 tura qələbə qazanmadan 4 xal toplamış bakılılar hələlik klubdaxili ab-havanı düzəltməyə girişib. Klub risk edir, amma başqa yol da yoxdur. İllərin problemləri qalaqlanıb, nəticə yoxdur, hətta 1-2 qələbə olsa da, bu, yalnız baş aldatmaq üçün olacaq. Ona görə də qələbəsizlik bəlkə də silkələnmək üçün istiqamətverən məqamdır.

Yens Andersson göndərildi, ardınca Qara Qarayevlə yollar ayrıldı. İndi də Emin Mahmudovdan kapitan sarğısı alındı, futbolçu özü ehtiyatda oturduldu. Bu, sanki qruplaşmaların ləğvi, hər şeyin məşqçinin əlində cəmləşdirilməsi üçün atılan addımlardır. Roman Qriqorçukun hər dediyi edilir, sərhədsiz səlahiyyət alıb. Amma…

…amma onun da limiti bitdi. “Qarabağ”a məğlubiyyəti bağışlamaq olar, növbəti turdan qələbə seriyası başlamasa, istefa qaçılmaz olacaq. Ukraynalı təkcə özü getməyəcək, bəlkə də klubda bütün daşlar yerindən oynayacaq. Mahmudov layiq olmadığı maaşı almağa davam etmək istədiyi, transfer pəncərəsi bağlanana kimi getməkdən boyun qaçırdığı üçün ehtiyatda gün keçirəcək. Onu bu aqibətə məcbur edənlər Eminsiz komandanın daha yaxşı olduğunu qələbələrlə sübut etməlidir.

“Neftçi” üçün hər şey növbəti turdan başlayır. Komandanı sonuncu dəfə çempion edən, Qriqorçuku əvəz edəcəyi deyilən, indi “Sumqayıt”da gərgin günlər yaşayan Samir Abasovun yetirmələri ilə görüşdə… Qələbə olmasa…

FƏRİD

Shares: