“Kəpəz” özünə gəlmək üçün daha bir imkanı boşa verdi. “Şamaxı” ilə matç bəlkə də gəncəlilərin indiki dönəmdə xal qazanmaq baxımından ən real fürsəti idi.

Olmadı, qonaqlar saysız qol vəziyyətlərindən yalnız ikisini dəyərləndirib qələbə qazandı. 11 xallıq fərq “şirlər”in qışa fasiləsinə daha rahat getməsini, elitanı tərk etmək qorxusundan uzaqlaşmasını təmin edəcək. Ayxan Abbasov “Turan Tovuz”un ardınca daha bir bölgə təmsilçisində “sıfır”dan döyüşkən komanda qurmağın necə mümkün olduğunu, az pulla keyfiyyətli futbolçular seçməyin nümunəsini göstərir. Həm də “Şamaxı” meydanda sürünmür, futbol oynayır. “Zirə”ni səfərdə udmaq, “Sabah”dan Bakıda, “Neftçi”dən evdə xal almaq təsadüf deyil.

“Kəpəz” Premyer Liqanı tərk etməyə əsas namizəddir. Mövsümün əvvəlində edilən yanlış transferlər, komanda quruculuğundakı səhvlər 7 tura 0 xalın əsas səbəbidir. Komanda əvvəlki mövsümlərdə də pis startın ardından baş məşqçini dəyişmiş və toparlanmışdı. Bu dəfə olmayacaq, çünki seçim səhv edilib. Tapşırıqla, xahişlə (klub rəhbərliyi inkar edirsə, tapşırıq verənlərin də adını yaza bilərik) təyinat alan Azər Bağırov Qərb təmsilçisini ayağa qaldıracaq adam deyil. Nahaq yerə gələn ilin büdcəsinə “girməyə”, transferlərə böyük pullar xərcləməyə dəyməz.

460428229 1122602809412447 5391337078279384151 n - Futbolinfo.az

Dünən Tovuzda klub rəhbərliyinin ünvanına səsləndirilən şüarlardan sonra özünə hörmət edən şəxs ya bu gedişatı dəyişər, ya da özü çıxıb gedər. Söyüşlərə haqq qazandırmırıq, lakin azarkeşlər nəyin baş verdiyini gözəl anlayır, ona görə aqressivdilər. Büdcənin az olmasını əldə bayraq etməyə dəyməz, bu qədər əcnəbi gəlirsə, gətirilənlər iki tur oynadıqdan sonra 10 min dollar təzminat alıb gedirsə və əvəzinə başqası transfer edilirsə, deməli, ortada menecer oyunları var. “Şamaxı”da da eyni büdcədir, dünən meydanda ortaya qoyulan işin fərqi aşkar göründü.

“Kəpəz”də ən yüksək səviyyədə ciddi dəyişiklik olmasa, gələn il Gəncədə istifadəyə veriləcək müasir stadion yalnız I Liqa oyunlarını qəbul edəcək. Digər autsayderlərlə fərq böyüməmiş klubda ciddi islahatlar aparılmalıdır. Səhvlər edilib, indi heyətə əl gəzdirmək, mütləq yeni transferlər etmək lazımdır, lakin onları Bağırovun istəyi ilə reallaşdırmaq palçığa növbəti dəfə batmaq demək olacaq və daha sonra böhrandan çıxmaq mümkün olmayacaq. Yadınızda qalsın…

AĞA

Shares: