“Çexiya yığmasına məğlubiyyətin əsas səbəbi təcrübəsizlik oldu”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan yığmasının üzvü Fərid Abbasov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında Zlin şəhərində Çexiya yığmasına qarşı keçirdikləri yoxlama matçı ilə bağlı danışarkən deyib.

Çexiya millisi ilə keçirilən oyunlarda debüt edən millinin ən gənc üzvü mübarizə aparmalarına baxmayaraq, məğlub olduqlarını söyləyib:

“İlk oyunda olduğu kimi, ikinci görüşdə də mübarizə apardıq. Çalışdıq komanda şəklində bir-birimizə dəstək olaq, səhvlərimizi aqressiv qarşılamayaq. Düzdür, hər iki oyunda məğlub olduq. Təsəvvür edin ki, yeni bina tikilir, gəlmişik tikintidə çalışmağa və heç kim bir-birini tanımır. Komandamızda da bunu yavaş-yavaş yoluna qoyacağıq. Əsas odur ki, masajçıdan tutmuş həkimə, baş məşqçiyə qədər inam var. Bu iki oyunda 4 futzalçı debüt elədi ki, onlardan biri də mən oldum. Həyəcan var idi, amma çox da deyildi. Çünki ötən il U-19 millimizdə Avropa çempionatının seçmə oyunlarında kapitan kimi iştirak etmişdim. Az da olsa, təcrübə toplamışam. Yeri gəlmişkən, klubda inkişaf etməyimə kömək edən məşqçilərim – Elvin və Teymur müəllimə təşəkkür edirəm. Vitali Borisov da şans verdi. Çalışdım onun etimadını doğruldum”.

20 yaşlı futzalçı ikinci yoxlama matçının ən yaxşısı seçilməsinə münasibət bildirib:

“Oyunlar yaxşı mənada yaddaşıma həkk oldu. Mübarizə apardıq, qol ötürməsi verdim. Komandamızın ən gənc üzvü kimi matçın ən yaxşısı seçilməyim isə uğurlu başlanğıcın cücərtiləridir. İnşallah, rəsmi matçlara qədər daha yaxşı vəziyyətdə olacağıq. Əlbəttə, yenidən Avropa çempionatının final mərhələsində iştirak etmək istərdik”.

Qeyd edək ki, hazırda Zlin şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi Çexiya ilə keçirdiyi ilk yoxlama matçında 0:3, ikinci görüşdə isə 2:6 hesabı ilə məğlub olub. F.Abbasov ikinci yoxlama matçının ən yaxşı futzalçısı seçilib.

Shares: