Belə təsadüf olmur. AFFA rəhbərliyi ya bunları görməyəcək qədər səriştəsizdir, ya da qurulan plana dəstək verirlər. Eyni şeylər təkrarlanırsa, məkr, məqsəd, niyyət var.
Ötən mövsüm bir ara Premyer Liqada əla seriya yaxalayan “Turan Tovuz” yüksək pillələrə qalxmışdı. Komanda az qala avrokuboklara vəsiqə qazanacaqdı. Elə həmin vaxt gözəgörünməz qüvvələrin qara əli hakimlərin vasitəsilə qərbliləri ayağından dartmağa, ardıcıl xal itkilərinə uğratmağa başladı. Klub rəhbərliyi bir də o zaman ayıldı ki, AFFA-dakı qüvvələrin sevimlisi “Sumqayıt” Konfrans Liqasına yüksəldilib. Məhz hakimlərin əli ilə havaya uçurulan xallar “Turan Tovuz”dan qoparılmasaydı, Ehtiram Quliyevin klubu hətta 3-cü yerin sahibi kimi avrokuboka gedəcəkdi.
Eyni xətt, eyni koordinatdır. İndi yenə “Turan Tovuz” boyundan hündürə tullanıb, hətta iddialı komandalar da onu məğlub edə bilmir. Belədə hakimlər meydana çıxıb qərbliləri büdrədir. Ötən tur son dəqiqədə hesaba alınmayan qələbə qolu, dünən isə “Araz-Naxçıvan”ın futbolçusuna verilməyən qırmızı vərəqə…
Oyunun əvvəlində Ramon Maçado meydandan qovulsaydı, nə hesabı aça biləcək, nə də komandası xal qazanacaqdı. Zərbənin təsirindən özünə gələ bilməyən Roderik Miller əvəzlənir, Maçado isə 90 dəqiqə top qovur.
Bunu kim edir? Naxçıvan klubunun rəhbəri Zaur Axundovun “ştatlı hakimi” Elçin Məsiyev! Bu iki şəxsin əvvəlki mövsümlərdə necə işbirliyində olduğunu görmək üçün internetdə axtarış verib müxtəlif materiallarla tanış olmaq kifayətdir. Hətta iddia edirəm ki, Elçinin indiyədək idarə etdiyi 80 Premyer Liqa matçının, eləcə də kubok görüşlərinin ən azı yarısı Axundovun klublarının matçına təsadüf edib. Köməkçi, 4-cü, VAR hakimi – bu adam istənilən halda qoruyucu mələk kimi briqadaya daxil olub. “Zirə”nin, “Sabah”ın başına açılan oyunlar heç kimin yadından çıxmayıb. Məsiyev o zaman “Keşlə”də, indi də “Araz-Naxçıvan”da Axundovun xidmətindədir.
14-cü dəqiqədəki epizodda Maşadoya qırmızı vərəqə göstərməmək ən azı vicdansızlıqdır. Buna VAR-ın tətbiq edildiyi oyunda (əslində, bu bariz epizoda görə VAR-a müraciət edilməsinə də ehtiyac yoxdur), həm də FIFA referisinin göz yumması artıq qərəzin göstəricisidir. Bir qərarla iki vəzifə yerinə yetirldi – həm “Turan Tovuz” büdrədildi, həm də Zaur Axundovun “Araz-Naxçıvan”ı avrokuboka doğru dartıldı.
İndi mənim üçün Frank de Blekerin şərhi maraqlıdır. Ötən tur baş tutan “Sabah” – “Turan Tovuz” matçında epizodu aşkar edən videogörüntülər olmadığından, belçikalı funksioner məsələni ört-basdır etdi. Görək, Hakimlər Komitəsinin sədri Tovuzdakı epizodla bağlı nə deyəcək?
Zaur Axundov AFFA-nın keçmiş rəhbər komandasının üzvü kimi vaxtilə “çox işlərdə” pay sahibi olub, Elxan Məmmədovun dəstəsi ilə qoşa addımlayıb. İndi bu şəxs yenə özünə dayaq tapıb, Rövşən Nəcəfi idarəedilən fiqura çevirən Elşad Nəsirovun sayəsində iş başındadır. Qardaşını prezident təyin etdirdiyi klubun faktiki sahibidir, səsvermə hüququ olan 2 federasiyanın prezidentidir. Bu anormallığın qarşısını almaq, yanlışı düzəltmək üçün AFFA rəhbərliyi heç nə etmir, bu şəxsin şıltaqlığına dözür.
Məsiyev son oyunda üzə çıxan fiqurdur. “Araz-Naxçıvan”ın himayəçisi olan başqa hakimlər də var. Eyni dəstənin üzvü olan Cavid Cəlilov haqda bircə faktı qeyd etmək kifayətdir: bu hakim naxçıvanlıların cari mövsümdə 4, 5 və 6-cı turlardakı matçlarına ardıcıl təyinat alıb – birində baş, ikisində VAR hakimi kimi. Əcəba, niyə? Ölkədə başqa hakim yoxdur? Yoxsa tapşırığın yerinə yetirilməsində AFFA-da təyinat verənlər də maraqlıdır?
AFFA-da bu işə cavabdeh olanlar ya kordur, ya da təyinatları tapşırıqla verir, matçlara “futbol killerləri”ni bilərəkdən göndərir. Cavidin sayəsində “Araz-Naxçıvan” həmin matçlarda 7 xal toplayıb.
Yeri gəlmişkən, Məsiyev ilk turun “Araz-Naxçıvan” – “Qarabağ” oyununa da təsadüfən göndərilməmişdi. Amma onun güclü ağdamlılara problem yaratmağa imkanı olmadı, nominal meydan sahibləri oyunun əvvəlində 2 kobud səhvlə rəqibin ardıcıl qollarına şərait yaratdılar, Elçinin gücü çempionu meydanda azlıqda qoymağa çatdı. Həmin qarşılaşmadan sonra hakmlərlə “kordinasiyalı iş” yüksək səviyyədə görülür, “Araz-Naxçıvan” uduzmur.
Hakimlərin işi penalti təyin etmək, qolu saymaq və ya saymamaq deyil, məhz oyunun gedişində, VAR protokolundan kənar epizodlarda elə kritik qərarlar verirlər ki, birbaşa nəticəyə təsir edir. Dünən isə Məsiyev VAR-dakı digər axundovçu Rauf Allahverdiyevlə birləşib “Turan Tovuz”a zərbə vurdu. Meydandan qovulmalı olan Maçado məhz Millerin yoxluğunda xaos yaşayan müdafiənin səhvindən yararlandı. De Bleker istəsə, onunla üzbəüz əyləşib matçda naxçıvanlıların maraqlarına xidmət edən ona yaxın epizod tapa bilərik…
“Araz-Naxçıvan” ötən mövsüm də çempionata belə start vermişdi, eyni adamlar eyni işləri görürdü. Sonra ictimai təzyiq, narazılıq artdı, AFFA bəzi işlərə qarışdı və komandanın əslində nəyi bacardığı ortaya çıxdı. Yekunda muxtar respublika təmsilçisi az qala Premyer Liqanı tərk edəcəkdi.
“Araz-Naxçıvan” rəhbərliyi gücünü belə işlərə sərg edib saxta uğurlar qazanmaq əvəzinə, Naxçıvan stadionunun təmirinə vaxt ayırsa, daha yaxşı olardı. Premyer Liqaya bölgə təmsilçisi olduğu üçün buraxılan, lisenziya tələblərinə tam cavab vermədən yarışda iştirakına icazə verilən klub, infrastrukturun düzəldilməsi üçün heç nə etmir, Mərdəkanda gününü keçirir.İki ildir hamıya yumaq veriblər, heç bir iş görmürlər, pul olmadığı üçün təmirə başlamadıqlarını deyirlər, amma transferlərə 15-20 milyon manat xərcləyiblər.
Yəni Axundov bu qədər önəmli adamdır ki, bütün ölkə futbolunu barmağına sarımasına göz yumursuz?
Rövşən Nəcəf, gözükögəlisən?
Sərxan Hacıyev, qorxursan?
Balakişi Qasımov, daydayına da deyə bilmirsən?
FƏRİD