Hindistan Şahmat Federasiyası Şahmat Olimpiadasında ən yaxşı komandaya verilən Nona Qaprindaşvili kubokunu itirib. Kubok 2022-ci ildə Çennayda keçirilən son Olimpiadada Hindistan komandasına verilmişdi.

Bir neçə həftə əvvəl Beynəlxalq Şahmat Federasiyası (FIDE) hindistanlılara elektron məktub göndərərək kubokun Budapeştdəki Şahmat Olimpiadasının qaliblərinə təqdim edilməsi üçün qaytarılmasını xahiş etmişdi. Lakin axtarışlara baxmayaraq kubok tapılmayıb. Axtarış AICF-nin Yeni Dehli və Çennaydakı ofislərində, həmçinin sonuncu dəfə göründüyü Çennay otelində aparılıb.

“Hazırda biz Qaprindaşvili Kubokunun harada olduğunu bilmirik. Biz onu tapmağa çox çalışırıq, çünki bu, milli qürur məsələsidir. Ümid edirik ki, axtarışlarımız öz bəhrəsini verəcək”, – deyə AICF katibi Dev Patel bildirib.

Xatırladaq ki, Şahmat Olimpiadasının qaydalarına əsasən, kişilərin yarışında qalib gələn komanda “Hamilton-Rassel Kuboku”, qadınlarda “Vera Mençik Kuboku”, birləşmiş yarışda “Nona Qaprindaşvili Kuboku”nu alır. Qaliblər növbəti Olimpiadaya qədər iki il ərzində kubokları qoruyurlar.

Shares: