Misli Premyer Liqasında indiki durum ötən mövsümkündən fərqlənmir. Keçən il bu vaxt da sürpriz komandalar var idi, turnir cədvəlində qarışıqlıq hökm sürürdü.
Düzdür, yenə “Turan Tovuz”la “Araz-Naxçıvan” liderlər qrupundadır. Onların nə qədər tab gətirəcəyini zaman göstərəcək. Əvəzində “Sabah” mövsümə daha inamlı start verib, “Zirə” isə avrokuboklara vəsiqə üçün sonadək mübarizə aparacağını göstərir. “Qarabağ” bir oyun az keçirməklə zivədədirsə, “Neftçi” ötən mövsüm “Sabah”ın etdiyini təkrarlayır.
Əsas dəyişiklik ilk “altılıq”la autsayderlər qrupu arasında xal fərqinin çoxluğudur. “Neftçi”nin burada müvəqqəti qonaq olduğu, mütləq özünə gələcəyi aydındır. “Kəpəz”in özünü nisbətən rahat his etməsinin səbəbkarları “Səbail”lə “Sumqayıt”dır. Bu komandalar imkanlarından aşağı səviyyədə çıxış edir.
Dünən həm “Sabah”, həm də “Zirə” səfərdə inamlı qələbə qazanmaqla iddialarına sadiq olduqlarını göstərdilər. “Bayquşlar” “Səbail”lə oyunda çox rahat qollar vurub istəyinə çatdı. Lakin Masazır təmsilçisi asan qələbə qazanmadı. Qapıçının kobud səhvi olmasaydı, bəlkə də “dənizçilər” rəqibindən xal alacaqdı. Meydan sahibləri hesabı açdıqdan sonra üstünlüyü tez əldən versə də, fasilədən sonra oyunu bərabərləşdirdi. Sadəcə, qonaqların əla hücum xətti meydanda keyfiyyəti ortaya qoydu.
“Sabah”ın qeyri-sabitliyinin səbəbi müdafiədəki inamsız oyunudur. Komanda hətta böyük üstünlüyü rahatlıqla əldən vermək potensialına sahibdir. Krunoslav Renduliç mütləq buna çarə tapmalıdır. 7 tura 11 top buraxan komanda liderlər qrupunda uzun müddət qala bilməz. Təsadüfi deyil, ehtiyatda bir oyunu qalan 3 komanda “bayquşlar”ı keçmək imkanına malikdir.
“Zirə” dünən daha rahat qələbə qazandı. Komandanın balanslaşmış heyəti var, oyunu xeyli sabitləşib. “Sumqayıt”la matçda rəqibə oyun boyunca hətta ümidlənməyə imkan vermədilər. Düzdür, “qartallar” da bəzən gözlənilməz xallar itirir, lakin ümumi götürəndə ümidverici futbol var. İntizamlı iyun qəsəbə təmsilçisini avrokubok mübarizəsində favortlərdən biri edib.
“Sumqayıt” klubdaxili problemlərin əziyyətini çəkir. Ardıcıl 4 məğlubiyyət yay hazırlığının boşa verilməsinin, transferlərin düzgün edilməməsinin göstəricisidir. Klub daxilində prezident – baş məşqçi münasibətlərinin qaydasında olmamasının futbolçulara da təsir etdiyi aşkar görünür. Konfrans Liqasında çıxışdan sonra aşkar eniş diqqətdən qaçmır və “kimyaçılar” toparlanmasa, mövsümün qalan hissəsini elitada qalmaq uğrunda mübarizəyə həsr edəcək.
“Səbail”də də eyni durumdur. “Dənizçilər” yalnız aşkar autsayder olan “Kəpəz”i məğlub edib. 7 tura cəmi 4 xal ciddi siqnaldır. Əzmkar futbola, baxımlı oyuna görə xal vermirlər. Bayıl təmsilçisinin heyəti də böhrandan çıxmağa imkan verənə oxşamır. Yalnız “Neftçi”nin daha biabırçı startı və “Kəpəz”in problemləri “Səbail”ə nisbətən rahat olmaq imkanı verib. Elə növbəti turdan sonra vəziyyət daha da kəskinləşə bilər.
Gələn turun təqvimi liderlərlə autsayderlər arasında xal fərqinin daha da artacağını düşünməyə əsas verir. “Neftçi” ilk qələbəsini qazana bilsə, “Sumqayıt”ın vəziyyəti bir qədər də pisləşəcək.
AĞA