Şotlandiyanın “Harts” klubu baş məşqçisi Stiven Neysmit və onun köməkçiləri ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Edinburq klubu rəsmi sayt vasitəsilə məlumat yayıb.

Bu ayrılığın səbəblərindən biri kimi Neysmitin UEFA Konfrans Liqasının Minsk “Dinamo”su ilə ilk tur matçının Sumqayıtda keçirilməsinə kəskin narazılıq bildirməsi olub. Mütəxəssis uzun səfərləri önə çəkərək, mümkün uğursuz nəticələrdən özünü sığortalamağa çalışıb. Nəticədə 38 yaşlı məşqçi ilə rəhbərlik arasında fikir ayrılığı yaşanıb ki, bu da Neysmitin “Harts”dakı birillik macərasının başa çatmasına səbəb olub.

Şotlandiya klubunun baş icraçı direktor Endryu Makkinley həm çempionatda, həm də Konfrans Liqasında uğurlu nəticələr göstərmək üçün bu addımı atdıqlarını açıqlayıb. “Harts”ın baş məşqçi postu müvəqqəti olaraq Liam Foksa həvalə olunub.

Qeyd edək ki, “Dinamo” ilə “Harts” arasında oktyabrın 3-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Shares: