Sentyabrın 26-da Avropa Liqasının yeni formatında ilk oyununa çıxacaq “Qarabağ” İngiltərədə “Tottenhem”in qonağı olacaq.

Futbolinfo.az saytının məlumatına görə, Londondakı qarşılaşma öncəsi “Tottenhem”in ev matçlarındakı göstəriciləri Azərbaycan çempionu üçün həyəcan təbili ola bilər. Çünki Ange Postekoqlunun baş məşqçisi olduğu komanda 4 il yarımdır ki, avrokuboklarda keçirdiyi ev oyununda məğlubiyyət üzü görməyib. “Tottenhem” eyniadlı stadionda son yenilgisini 2020-ci ilin fevralında – Çempionlar Liqasının 1/8 final mərhələsində “Leypsiq”dən alıb.

“Qarabağ” Londonda sürprizə imza atsa, 13 oyunluq seriyaya son qoymuş olacaq. Bu müddət ərzində “Tottenhem” doğma arenasında avrokuboklarda 11 qələbə qazanıb, 2 dəfə heç-heçə ilə kifayətlənib.

Qurban Qurbanovun yetirmələri Liqa mərhələsinə 3 xalla başlasa, həm də ilk dəfə İngiltərə klubunu məğlub etmiş olacaq. Çempionumuz indiyə qədər ingilislərə qarşı keçirdiyi 6 matçın heç birində qələbə qazana bilməyib.

Qeyd edək ki, sentyabrın 26-da Londoda keçiriləcək “Tottenhem” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Shares: