“Səbail” növbəti məğlubiyyətini “Sabah”dan aldı. Misli Premyer Liqasının 7-ci turunda 2:4 hesablı ev məğubiyyəti komandanı autsayderlər qrupunda möhkəmləndirdi.
Oyunda komandasının ikinci qoluna imza atan Rüfət Abdullazadə matç bitincə futbolinfo.az saytına danışıb: “Matç biraz gərgin keçdi. Hər baxımdan emosional oyun idi. Əlimizdən gələni etdik ki, uduzmayaq. Qələbə üçün meydana çıxmışdıq, alınmadı. Qol vursaq da, daha çox top buraxdıq və məğlub olduq. Önümüzdəki oyunlara hazırlaşacağıq”.
Yarımmüdafiəçi hücumda daha çox vaxt keçirməklərinə baxmayaraq, arzuladıqları nəticəyə çata bilməməklərinin səbəbini izah edib: “Məşqlərdə hücum variantlarını daha çox işləyirik. Bəlkə də hücumda çox olduğumuza görə bu qədər qol buraxdıq. Məncə, bu vəziyyəti düzəldə biləcəyik. Çünki böyük potensiala malik komandayıq”.
Rüfət milli komandalara görə yaranan fasilədən sonra ardıcıl ikiməğlubiyyət almalarının səbəbini bilmir: “Məşqlərimizə davam etdik. Daha yaxşı fokuslanmağa çalışdıq. Oyunumuzda mənfi cəhət görmürəm. Bəzən məşqlərdə hamı öz üzərində çox yaxşı işləyir. Məncə, bir az da gözləyək. Gələn turlarda siz də görəcəksiniz ki, qələbələr ardıcıl gələcək”.
Abdullazadə elə növbəti turdan vəziyyəti düzəldəcəklərinə əmindir: “Düşünürəm ki, “Araz-Naxçıvan”la qarşılaşmada qələbə qazanaraq, ruh düşkünlüyünü aradan qaldıracağıq. Meydana qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik. İnşallah qalib tərəf biz olarıq”.
GÜNAY SÜLEYMANOVA