“Çernomorets” Ukrayna çempionatında 800-cü oyununu keçirərək, “Dinamo” (Kiyev), “Şaxtyor” (Donetsk) və “Vorskla”dan sonra bunu bacaran 4-cü klub olub.

Futbolinfo.az xəbər verir ki, Odessa təmsilçisi 800-cü görüşündə Aleksey Babiçin rəhbərliyi altında “Karpatı”ya məğlub olub.

Maraqlıdır ki, “Çernomorets”in uğursuz yubiley matçı hazırda “Neftçi”ni çalışdıran Roman Qriqorçukla başlayıb. Vitali Şevçenko ilə 400-cü matçında qələbə qazanan “Çernomorets”i 500-ü oyununa məhz Qriqorçuk çıxarıb. 2011-ci ilin dekabrına təsadüf edən həmin görüşdə komanda “Dnepr”ə 0:1 hesabı ilə uduzub. Həmin vaxtdan bəri odessalılar nə 600, nə 700, nə də 800-cü matçında qalibiyyət üzü görüblər.

“Çernomorets” geridə qalan matçlardan 290-da qələbə qazanıb, 193-də heç-heçə edib, 317-də isə məğlub olub. Komanda 890 qol vurub, 970-ni buraxıb.

Qeyd edək ki, Roman Qriqorçuk bu ilin yayında məhz “Çernomorets”dən ayrılaraq “Neftçi”nin “sükanı arxasına” keçib.

Shares: