“Hər oyunu çoxlu skaut izləyir. Bu da müsbət haldır ki, özünü yaxşı tərəfdən göstərdikdə böyük klubların transfer siyahısına düşmək şansın çoxalır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Eqnatiya”da çıxış edən Zamiq Əliyev deyib.

Bu mövsümdən Albaniyada legioner həyatı yaşayan mərkəz müdafiəçisi çempionluq yaşayıb, daha yaxşı liqaya keçmək istədiyini bildirib: “Albaniyada hər şey məni qane edir. Təəssüratlarım çox yaxşıdır. Demək olar ki, bizim çempionatdan çox fərqlənmir. Lakin burda qarşılaşmalar çox sərt keçir və daha çox güc futboluna üstünlük verilər. Eyni zamanda bura çox ölkədən maraq var. Hər oyunu skautlar izləyir. Böyük klubların transfer siyahısına düşmək şansın çoxalır. Hələ ki neqativ bir şey yoxdur”.

Müdafiəçisi milli komandanın formasını geyinməyi hədəfləyir: “Klub olaraq hədəfimiz çempionluqdur. Həm liqada, həm də kubokda çempionluq üçün oynayırıq. İnşallah ki, sezon sonu hədəflərimizə çatarıq. “Eqnatiya”da uğurlu çıxış edib, çempionluq yaşayıb, daha yaxşı liqaya və kluba keçmək istəyirəm. Amma ən önəmlisi milli komandanın formasını geyinməkdir”.

Zamiq Amil Yunanovun Albaniyaya gedişi barədə də danışıb: “Amilin bura gəlişi tez bir zamanda oldu. Gəlməzdən öncə ona çempionatın səviyyəsini və buranın onun üçün uğurlu olacağını bildirdim. Həmçinin insanlarından, çox gözəl ölkə olduğundan da danışdım. İnşallah, bir gün vaxt edib görüşüb, daha ətraflı söhbət edəcəyik. “Bilis” yaxşı komandadır.  Mövsümə pis başlamamışdılar, lakin son 2 oyundu ki, məğlub olurlar. Düşünürəm ki, növbəti matçlarda toparlanıb, xallar qazanacaqlar. Məncə, Amil də öz parlaq çıxışı və təcrübəsi ilə bu qələbələrdə pay sahibi olacaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: