Misli Premyer Liqasının 7-ci turu bolqollu alındı. Təsadüfi deyil ki, 5 oyunda qapılara ümumilikdə 17 qol vuruldu. “Turan Tovuz”un məğlubiyyətsiz oyunlar seriyasının qırıldığı turda “Neftçi”ni çıxmaq şərtilə qonaqlar sevinən tərəf oldular.
“Kəpəz”ə çarə tapılmır
Cari mövsümdə qələbə bir yana, xal üzünə həsrət qalan “Kəpəz”in uğursuz seriyasına yenə son qoyulmadı. Əslində, Azər Bağırovun rəhbərliyi altında ikinci görüşünə çıxan gəncəlilər “Şamaxı”nı xalsız yola salacaqlarına ümid edirdilər. Ancaq Premyer Liqaya yeni qayıtmasına baxmayaraq, inamlı təsir bağışlayan Ayxan Abbasovun yetirmələri bu görüşdə də sözlərini deyə bildilər.
İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar 19 dəqiqəyə matçın taleyini həll etdilər. Əvvəlcə Brahim Konate, ardınca isə sabiq “Kəpəz”li Giorgi Kantariyanın qolları “Şamaxı”ya qələbə gətirdi. 6 görüşün yalnız 1-də uduzan Abbasovun komandası hazırda 11 xalla turnir cədvəlində 6-cı yerdədir. Ardıcıl 7 oyunda məğlubiyyətlə üzləşən “Kəpəz” isə son pillənin dəyişməz sakininə çevrilib.
Tağızadənin qədri bilindi ki…
Azərbaycan derbisi sayılan “Qarabağ” – “Neftçi” matçının favoriti birmənalı olaraq Ağdam klubu idi. Bu, təkcə “köhlən atlılar”ın güclü olmasından yox, həm də paytaxt təmsilçisinin hazırkı vəziyyətindən irəli gəlirdi.
“Qarabağ” ilk hissədəcə 3 qol vurmaqla “Neftçi”nin xəyallarını puç etdi. Görüşün sonlarında daha bir dəfə fərqlənən ağdamlılar yenə “ağ-qaralar”ı darmadağına məruz qoydular. “Qarabağ”ın “Neftçi” üzərindəki böyükhesablı qələbələri artıq adi hala çevrilib. Yavaş-yavaş bu komandaların şəxsi görüşləri derbi statusundan çıxır. Bir derbidə ki, qalibin kim olacağı əvvəlcədən asanlıqla təxmin edilir, o necə derbidir?!
“Neftçi”ni bugünə salanlara ar olsun! Rəhbərlər dəyişir, məşqçilər dəyişir, futbolçular dəyişir, amma nəticə dəyişmir ki, dəyişmir. Komandanı Roman Qriqorçuka tapşıranda çoxluq rəhbərliyin doğru seçim etdiyini düşünürdü. Ancaq zaman göstərdi ki, ukraynalı “Neftçi”ni uçurumdan çıxaracaq mütəxəssis deyil! “Ağ-qaralar” üçün illərdir əziyyəti olan, vurduğu saysız-hesabsız qollarla azarkeşlərin sevimlisinə çevrilən Emin Mahmudovu kapitanlıqdan məhrum etmək yaxşı məşqçi olmaq demək deyil. Onsuz da, “Neftçi”də daxili atmosfer pis gündədir. Qriqorçukun bu qərarından sonra vəziyyət daha da mürəkkəbləşəcək. “Neftçi” üçün böyük xidmətləri olmuş şəxslərin üstündən xətt çəkilməsi həmişə adi hal olub. “Qızıl oğlan” Zaur Tağızadənin qədrini bilməyən klub Emin Mahmudovun zəhmətini dəyərləndirəcək?!
Qriqorçuk “Qəbələ”də işlədiyi dönəmdə də yerli futbolçularla konflikt yaşaması, onları “məhv etməsi” ilə ad çıxartmışdı. Ənənəsinə “Neftçi”də də sadiq qalır. Qara Qarayevdən sonra Emin Mahmudov da “zərərsizləşdirilərək” komandadan göndəriləcək.
Cari mövsümdə qalibiyyət üzü görməyən, bu qədər turda cəmi 2 qol vuran paytaxt klubunun hazırkı durumu, sadəcə, fiaskodur! Aydın məsələdir ki, “Neftçi” növbəti turlarda axır-əvvəl qələbə(lər) qazanacaq. Amma bu, azarkeşlərin həsrətində olduğu çempionluq və “Qarabağ”ın hegemonluğuna son qoymaq üçün yetərli olmayacaq.
“Turan Tovuz”un ilk məğlubiyyəti
Kurban Berdıyevin gəlişindən sonra mövsümə əla başlayan və məğlubiyyətsiz irəliləyən “Turan Tovuz” ilk yenilgisini bu tur aldı. “Araz-Naxçıvan”ı qəbul edən Qərb təmsilçisi adəti üzrə oyuna fəal başladı və dərhal hücuma atıldı. Epizodları dəyərləndirə bilməyən meydan sahibləri bu azmış kimi, ilk hissənin sonunda qapısından sürpriz qol buraxdı. Alexandro Serranonun kobud səhvindən “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçado maksimum yararlandı.
Düzdür, “Turan Tovuz” ikinci hissənin əvvəlindəcə tarazlığı bərpa edə bildi. Bu dəfə səhv etmək növbəsi qonaqların qapıçısı Kristian Avrama çatdı. Nəticədə Ayxan Quseynovun cərimə zərbəsindən havalandırdığı top heç kimə toxunmayaraq qapıdan keçdi. Amma az sonra “Araz-Naxçıvan” yenidən hesabda önə keçdi. Felipe Santosun qüvvətli olmayan cərimə zərbəsindən sonra top yenə heç kimə toxunmayaraq tora qovuşdu. Meydan sahibləri sonrakı dəqiqələrdə nə qədər çalışsalar da, ikinci dəfə tarazlığı bərpa edə bilmədilər. Beləliklə, hər 3 qolun fərdi səhv nəticəsində vurulduğu görüşdə “Turan Tovuz”un məğlubiyyətsizlik seriyası qırıldı.
“Sabah”: güclü hücum, zəif müdafiə
Turun ən məhsuldar matçı “Səbail” və “Sabah” arasında keçirildi. 6 qolun vurulduğu görüşdə qonaqlar 4:2 hesablı qələbə qazandılar. “Səbail” ilk qolu vurduqdan sonra hesabda geri düşməsinə baxmayaraq, uzun müddət matçdakı intriqanı saxlamağı bacardı. Ancaq 76-cı dəqiqədə Pavol Şafrankonun penaltidən vurduğu qol qonaqların meydandan xalla ayrılmaq həvəsinin üstündən xətt çəkdi.
Ardıcıl 5-ci oyunda məğlubiyyət üzü görməyən “Sabah” hazırda yaxşı formadadır. “Bayquşlar”ın xüsusən hücum xətti xoş sözlərə layiqdir. “Sabah”ın bu mövsüm 16 qol vuraraq iki ən məhsuldar komandadan biri olması da bunun bariz sübutudur. Ancaq paytaxt klubu müdafiədə problemlər yaşayır. 7 oyuna 11 qolun buraxılması da bunu təsdiqləyir. Baş məşqçi Krunoskav Renduliç arxa xətdəki problemləri aradan qaldırmasa, güclü komandalarla görüşlərdə böyük çətinliklərlə üzləşə bilər.
“Səbail”ə gəlincə, görünən odur ki, Şahin Diniyevin komandası ən yaxşı halda çempionatda qalmaq uğrunda mübarizə apara biləcək. Aktivində cəmi 4 xal olan “dənizçilər” heç cür 8-ci pillədən qurtula bilmirlər. “Səbail”in mövqeyinin dəyişməməsində “Neftçi” və “Kəpəz”in də “rolu” var.
Uduzmağa alışan “Sumqayıt”
Tura Sumqayıtda yekun vuruldu. “Zirə”ni qəbul edən Samir Abasovun komandası ardıcıl 4-cü oyunda məğlubiyyətlə üzləşdi. Rafael Utziqin dublu qonaqlara vacib 3 xal qazandırdı. Bu, “Zirə”nin mövsümdə 4-cü qələbəsi oldu.
“Sumqayıt” isə heç cür özünə gələ bilmir. Yay fasiləsində transferlərdə gecikən “gənclik şəhəri” təmsilçisi hazırda bunun əziyyətini çəkməkdədir. Yavaş-yavaş “Sumqayıt”ın ötənilki nəticəsini təkrarlaya bilməyəcəyi dəqiqləşir. Çünki ardıcıl məğlubiyyətlər komandanı avrokubok zonasından uzaqlaşdırır. Vəziyyət bu cür davam edəcəyi halda, “Sumqayıt”ın durumu daha da pisləşə bilər.
Abasovun komandasının əsas problemi hücum xətti ilə bağlıdır. Təsadüfi deyil ki, “kimyaçılar” 7 oyunda cəmi 5 qol vura biliblər. Yeni transferlər hələ ki, özlərini doğrultmur.
FƏRİD