“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının Liqa mərhələsinin startı ərəfəsində Ağdam klubunun rəsmi saytına açıqlama verib.

Futbolinfo.az xəbər verir ki, o, İngiltərənin paytaxtı Londonda keçiriləcək “Tottenhem” – “Qarabağ” matçı barədə fikirlərini açıqlayıb:

“Komandamız ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində mübarizəyə başlayacaq. İlk oyunumuz futbolun vətəni sayılan İngiltərədə keçiriləcək. Dünyanın ən güclü futbol liqasının İngiltərə Premyer Liqası olduğuna heç kim şübhə etmir. Bu çempionatda öz sözünü deyə bilən, adlı-sanlı bir rəqiblə qarşılaşacağıq. “Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır. Amma komandamın hər bir futbolçusuna, heyətin hər bir üzvünə inanıram. Onlar belə güclü rəqiblərlə görüşlərdə həmişə qəhrəman kimi mübarizə aparıblar. Londondakı görüşün nəticəsindən asılı olmayaraq, futbolçularımızın meydanda vuruşacağına, sonadək mübarizə aparacağına inanıram. Bu, hələ ilk oyundur, qarşıda daha uzun yol qət edəcəyik”.

Klub prezidenti avrokubokların bu ildən yeni formatda keçirilməsinə də toxunub: “İlk dəfə avrokubokların əsas mərhələsi yeni formatda keçirilir. Ardıcıl 10 dəfə mübarizə apardığımız qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Bu, daha çox oyun, daha uzun mərhələ, daha geniş turnir cədvəli deməkdir. Hamının adət etdiyi 4 komandalı cədvəli 36 klubun yer aldığı siyahı əvəz edir. Bu, azarkeşlərə daha böyük maraq, həyəcan gətirəcək. Komandamızın da öncəki turnirlərdə olduğu kimi, yenə azarkeşlərinə həyəcanla yanaşı, sevinc bəxş etməyə, məzmunlu və əzmkar oyunu ilə hər kəsi sevindirməyə çalışacağına inanıram. Liqa mərhələsində bacardığımız qədər yüksək yerlər üçün mübarizə aparacaq, paralel olaraq Premyer Liqa və Azərbaycan kubokundakı titulumuzu qorumağa çalışacağıq. “Qarabağ” azarkeşlərinə hər üç turnirdə sevinc bəxş etmək, klubumuzun adını daha yüksəklərə daşımaq üçün hər şey edəcəyik. Artıq heyətə yeni transferlər də qoşulub və azarkeşlərimiz Liqa mərhələsində daha güclü “Qarabağ” görəcək”.

Tahir Gözəl sentyabrın 26-da “Tottenhem”lə keçiriləcək görüşü stadiondan izləyəcəyini, bu vacib görüşdə komandanın yanında olacağını qeyd edib: “Liqa mərhələsindəki ilk oyunda komandamın yanında olacağam. Londondakı görüşə komandamla yollanacağam və matçı stadiondan izləyəcəyəm. Biz bir komandayıq. Hər birimiz inanırıq ki, futbolun vətənində də gözəl oyun göstərəcəyik. Komandamız səfərdəki görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan xalqını yenə də qürurlandıracaq”.

Shares: