AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekerdən başqa şərh gözləyənlər sadəlövhdür. Belikalı AFFA-nı, hakimlərini və daydaylarının klublarını qorumalı idi və bunu etdi.
De Blekerin Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda baş vermis mübahisəli epizodla bağlı dedikləri onun böyük təcrübəsindən xəbər verir. Qırmızı vərəqənin olmadığını təsdiqləmək üçün az qala santimetrləri hesablayıb. Guya ki, Ramon Maçadonun Roderik Millerə qarşı hərəkəti aqressiv yox, düşüncəsiz davranışdır.
Olsun. Zaman hər şeyin dərmanıdır. De Bleker hər turdan sonra belə açıqlamalara davam edəcəksə, çətin vəziyyətdə qalacağı gün uzaqda deyil. Eyni epizodların fərqli dəyərləndirildiyini dəfələrlə görmüşük və əmin olun ki, çox keçmədən belçikalı oxşar epizoda ya fərqli şərh verməyə, ya da səhvi etirafa məcbur olacaq. Sadəcə, indiki halda onu dəvət etmiş AFFA rəhbərliyini, rəhbərliyin dostunun klubunu və öz işçlərini qorumağa məcbur oldu.
Halbuki qaydalarda göstərilir ki, rəqibə xəsarət yetirildiyi halda oyunçunun qovulması qaçılmazdır. Millerin sifətinin həmin zərbədən sonra hansı vəziyyətdə olduğunu görmək üçün fotoya baxmaq kifayətdir.
Hakmlər Komitəsinin sabiq sədrlərindən olan Xaqani Məmmədov da futbolinfo.az-a açıqlamasında de Blekerin qeydlərini təsdiqlədi, Maçadoya qırmızı vərəqənin göstərilməməsinin doğru olduğunu vurğuladı. Müraciət etdiyimiz digər sabiq FIFA referiləri isə hücumçunun hərəkətini təcavüzkar davranış saydı. Onlar oyunçunun ayağını təhlükəli şəkildə qaldırmasının və rəqibə xəsarət yetirməsinin meydandan qovulmaq üçün kifayət etdiyini bildirdilər.
Lakin eyni fikri səsləndirən 3 sabiq FIFA referisi adlarının qeyd olunmasını istəmədi. Onlar “Turan Tovuz”un haqqını onların deyil, klub rəhbərliyinin qorumasının vacibliyini vurğuladılar. Ümumi fikir belə oldu: “Klub, komandanın baş məşqçisi bu haqsızlıqdan məmnundursa, etirazlarını bildirmirsə, deyiləcək söz yoxdur”.