“Sabah”ın qapıçısı Nicat Mehbalıyevin futbolinfo.az saytına müsahibəsi
– Ötən gün “Səbail”ə 4:2 hesabı ilə qalib gəldiniz. Matç necə keçdi, düşüncələrin necədir?
– “Səbail”lə matçın ağır olacağını bilirdik. Həm də meydança amili var idi, süni ot örtüyündə oynayacaqdıq. Amma istənilən halda fikrimiz qələbə qazanmaq idi. Çalışdıq ki, əlimizdən gələni edək. Bunu bacardıq. Rəqibin də haqqını vermək lazımdır, çox yaxşı çıxış etdilər.
– Bu mövsüm ilk dəfə meydana çıxdın. Özünü necə hiss edirdin və səncə, niyə daha çox şans qazanmırsan?
– Mövsüm başlayandan Yusif İmanov oynayırdı və uğurlu çıxış edirdi. Mən də öz şansımı gözləyirdim. Bu futboldur, biri oynayır, biri ehtiyatda oturur…
– Bundan sonra daha çox şans qazanacağına inanırsan?
– Şans veriləcəyi halda hər zaman hazıram. Qərar məşqçilər heyətinin olacaq.
– Deyirsən ki, “Səbail”lə matçda meydança amili problem idi. Amma bolqollu matç oldu. Xüsusən ilk hissədə komandalar ümumilikdə 5 dəfə fərqləndi…
– Komandamızın hücum xəttinə alqış düşür. Çünki meydanda çox iş gördülər. Komanda şəklində yaxşı oynadıq, özümüzü göstərə bildik.
– Buraxılan 2 qolun hansındasa özünü günahkar sayırsan?
– Oyunun analizi olacaq. Qapıçı məşqçisi ilə baxacağıq ki, nəyi düz, nəyi səhv etmişəm. Necə matç keçirdiyim o zaman bilinəcək. Hələ ki, bir söz deyə bilmərəm.
– “Sabah”ın hücum xətti yaxşı oynasa da, müdafiə sanki axsayır. Elə futbol mütəxəssisləri də bunu müzakirə edir. Məsələn, “Kəpəz”lə matçda da iki qol buraxmışdız. Bununla razılaşırsan ki, müdafiədə çətinliklər yaşayırsız?
– Baş məşqçimiz hər şeyi analiz edir və nəticə çıxarır. Əgər axsayan mövqelərimiz varsa, daha çox işləyib düzəldirik. Ümid edirəm ki, daha yaxşı olacaq.
– Ümumi olaraq çempionatın mənzərəsi necə görünür? “Sabah” sonda hansı pilləni tuta bilər?
– Bizim çempionat çox çətindir. Düzdür, “Qarabağ” dominantlıq edir, amma görürük ki, bu gün onlar da əziyyət çəkir. Bütün komandalar çətinliklə oynayırlar. Biz də məqsədimizə doğru addım-addım irəliləyirik. İnşallah, yarışı istədiyimiz pillədə başa vurarıq.
ABBAS