“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın zədəliləri barədə danışıb. O, bəzi oyunçuların sağaldığını, digərlərinin zamanını gözlədiyini bildirib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis Cud Bellingemin dönüşündən məmnundur: “Bellingem sağaldı və oynayacaq. Dani Karvahalın bir müddət istirahətə ehtiyacı var və derbiyə kimi yetişəcək”.
Ançelotti heyətdə rotasiyalar edəcəyini deyib: “Start heyətini tam deməyəcəm, amma Vinisius Junior, Ferlan Mendi, Antonio Rudiger və Lukas Vaskesin istirahətə ehtyacı yoxdur. Onlar bir müddət oynamayıblar və indi meydana çıxmaları lazımdır”.
Təcrübəli mütəxəssis Dani Sebalyosun sürətlə sağalmasına sevinir: “Artıq qazona ayaq basdı, tezliklə ümumi məşqlərə də qoşula biləcək. Eduardo Kamavinqanın da tezliklə məşqlərə başlaması mümkündür. Onu da derbidə ixtiyarımda görməyi arzulayıram”.
Ançelotti 38 oyunluq məğlubiyyətsiz seriyadan da danışıb: “Müdafiədə, hücumda, topla oynamada hər şeyi yaxşı yerinə yetirdik. Doğrusu, sabit oyun üslubumuz yoxdur, rəqiblərə qarşı fərqli oynayırıq və davamını gətirməyə çalışırıq. Dünyanın ən yaxşı, ən özəl klubunda olmaq xüsusi bir hissdir və burada qələbə qazanmağa məcbursan”.
Xatırladaq ki, “Real” sabah La Liqanın növbəti turu çərçivəsində “Alaves”i qəbul edəcək.