“Azərbaycana gələndə ölkə basketbolu haqqında çox şey bilmirdim”.
Futbolinfo.az xəbər verir ki, bunu “Lənkəran”ın yeni baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
46 yaşlı mütəxəssis ölkəmizə gəlişi haqqında danışıb:
“Dostum Aleksandr Rıbalko burada oynayırdı və o, mənə Azərbaycan basketbolu haqqında danışdı. Bundan əlavə, 2017-ci ildə U-20 çempionatında Azərbaycanın U-20 komandasını izlədim və müəyyən təəssüratlar yarandı”.
O, komandanın hazırlığından və hədəflərindən də söz açıb:
“Məşq prosesi yaxşı gedir. Bəzi çətinliklər və problemlər var, amma burada tamamilə yeni klubumuz olduğunu dərk edərək bunun öhdəsindən gəlməyə çalışırıq. Məqsədimiz maraqlı basketbol sərgiləmək və hər oyunda qalib gəlməyə çalışmaqdır. Təbii ki, komandamızın gənc basketbolçularının inkişafını da unutmamalıyıq. Gənc komandamız üçün pley-offa da yüksəlmək pis olmazdı. Hər şey özümüzdən aslıdır”.
Qeyd edək ki, Georgi Kondruseviçin köməkçisi Alperen Kılıçoğlu olacaq.