2015/16 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Londonda “Tottenhem”lə üz-üzə gələndə “Qarabağ” çətin yolda ilk addımlarını atırdı. Qurban Qurbanovun komandası qitənin 2-ci dərəcəli klub turnirinin qrupuna ikinci dəfədir ki, yüksəlirdi. Heyət o qədər də zəif olmasa da, indiki kimi komplektləşməmişdi. Amma komandamız Londonda hesabı açmağı bacarmışdı. Sonluq da məlumdur. “Tottenhem” sonrakı dəqiqələrdə Son Hın Minin dublu və Erik Lamelanın qolu ilə vəziyyəti xeyrinə dəyişmişdi.
Həmin vaxt “Qarabağ”ın start heyətində Bədavi Hüseynovu da saysaq, 6 yerli oyunçu var idi (Maksim Medvedev, Rəşad Sadıqov, Qara Qarayev, Əfran İsmayılov və Cavid Tağıyev). Hələ o vaxt Almeyda milliləşdirilməmişdi.
İndi isə vəziyyət köklü şəkildə dəyişib. “Qarabağ” artıq avrokuboklarda qrup mərhələsini adlayan komanda kimi tanınır, heyətdə daha səviyyəli legionerlər top qovur. Bircə yerli futbolçuların azlığı ilə bağlı problem yaşayırıq. Son vaxtlar start heyətində özümüzkülərdən ancaq Bəhlul Mustafazadə və Elvin Cəfərquliyevi görürük.
9 ildən sonra Avropa Liqasının əsas mərhələsində ilk oyunumuzu yenə də Londonda “Tottenhem”ə qarşı keçirəcəyik. Harri Keyn gedəndən sonra bir qədər zəifləyən komandaya qarşı… Hər halda, Ağdam klubu ilə oynadıqdan 4 il sonra bu komanda Çempionlar Liqasının finalına qədər irəliləyə bilib. Amma Keynsiz ötən mövsüm Çempionlar Liqasına yollana bilmədilər. “Seltik”dən gətirilən Ange Postekoqlunun başçılığı altında “hotspurlular” ötən mövsümə yaxşı start versələr də, sonluğu gətirə bilmədilər.
Əslində, “Tottenhem”i geniş təhlil etməyə ehtiyac yoxdur. Hər il gözümüzün qabağında böyüyən və ya geriləyən bir komandanı çox yaxşı tanıyırıq. Amma cümə axşamı keçirilləcək oyun ərəfəsində “Tottenhem”i tanıyırıq deyə, ənənəmizi bir kənara qoya bilmərik. “Qarabağ” bu komandadan heç olmasa xal almaq üçün nə etməlidir”, “hansı oyunçulara qarşı necə oynamalıdır” suallarına qısaca da olsa, cavab verməliyik.
“Tottenhem”in oyunçularını və taktiki düzülüşünü təhlil etməmişdən əvvəl bizə çətinlik törədəcək bir məqamı vurğulamaq lazımdır. Əlbəttə, bu, təhlil planında bizə çətinlik törədəcək, amma belə məqam haradasa “Qarabağ”ın işinə qismən yaraya bilər. Məsələ ondadır ki, London klubu son illər mütəmadi çıxış etdiyi Çempionlar Liqasında oynamayacaq. İstər-istəməz bu köklənmə ilə bağlı komandanın çıxışına mənfi təsir göstərə bilər. Əsas məqsədin Premyer Liqada uğurlu çıxış edib yenidən ilk “4-lük”də qərarlaşma olmasını nəzərə alsaq, Postekoqlu Avropa Liqasında rotasiyaya əl atacaq. Nəzərə alaq ki, həftəsonu onları “Old Trafford”da “Mançester Yunayted”lə oyun gözləyir. Buna görə də avstraliyalı məşqçi Avropa nəhənginə qarşı oynamayacaqlarını nəzərə alıb, əsas heyətin bəzi üzvlərini kənara çəkə bilər.
İstənilən halda, az şans qazanan futbolçular güclüdür. Amma yenə də bu, bizim xeyrimizədir. Sadəcə, London klubunun məşqçisinin meydana kimləri buraxacağını bilmədiyimizə görə rəqibi təhlil etmək bizim üçün problemə çevriləcək. Üstəlik, “Tottenhem”in çalışdırıcısı fərqli taktikanı da sınaya bilər. Amma biz yenə də əsas heyət üzərində “əməliyyat” aparmağa məcburuq.
Əvvəla, onu qeyd edək ki, Postekoqlu komandanı 4-3-3 taktiki sxemi ilə “döyüşə atır”. Çempionat matçında italiyalı qolkiper Gilyerme Vikario şans qazanırsa, İngiltərə Liqa Kubokunda Freyzer Forster meydana çıxır. Postekoqlu “Qarabağ”a qarşı matçda 36 yaşlı “çərçivə” qoruyucusuna şans verə bilər.
Amma kimin qapıda qərarlaşmasından asılı olmayaraq, “Qarabağ”ın futbolçuları bura çatana qədər maneələri aşmalıdırlar. Bu mənada ən böyük maneələr mərkəz müdafiəçiləridir. Premyer Liqa görüşlərində rəqibin hücumlarını müdafiənin mərkəzində argentinalı vitse-kapitan Kristian Romero ilə niderlandlı Mikki van de Ven qarşılayır. Ötən mövsüm onların yanında rumıniyalı Radu Draquşin də 3-lü müdafiə təşkil edirdisə, hazırda sonuncu start heyətində yerini itirib. Amma Avropa çempionatında Rumıniya millisinin heyətində özünü yaxşı tərəfdən göstərən bu futbolçu “Koventri”yə qarşı Liqa Kubokunda start heyətində meydanda göründü. Müdafiənin mərkəzində nadir hallarda şans qazanan Ben Devis də qərarlaşa bilər.
Müdafiələrin cinahlarında adətən Pedro Porro ilə Destine Udogi qərarlaşır ki, böyük ehtimalla “Qarabağ”la matçda onlara yenidən şans veriləcək. Çünki cinahlar “Tottenhem”in oyununun canıdır. Postekoqlu mərkəzdə rotasiya etsə də, rəqibin işini bitirmək üçün əsas cinahlardan yararlanmağa çalışa bilər. Xüsusən də sağ cinahda Pedro Porronu gözdən qoymaq olmaz. Meydana çıxsa, Elvin Cəfərquliyev xeyli problemlə üzləşəcək.
Yarımmüdafiənin mərkəzində komandanın əsas silahları Deyan Kuluşevski, Rodriqo Bentankur və Ceyms Meddisondur. Məşqçi bu oyunçulardan Premyer Liqada müntəzəm olaraq istifadə edir. “Qarabağ”a qarşı görüşdə onlardan minimum birinə, hətta ikisinə üstünlük verilə bilər. Məsələn, “Koventri”yə qarşı kubok matçında Lukas Berqvalla Papa Matar Sarr oynamışdı. Daha doğrusu, Kuluşevski ilə Meddisonu ikinci hissənin ortalarından meydana buraxılmışdı. Bentankur isə yenə də dayaq funksiyasını yerinə yetirmişdi.
Yəqin ki, Postekoqlu “Qarabağ”a “Koventri”dən daha artıq qiymət verəcək.Bu oyunçuların özəlliklərinə gəlincə, Kuluşevskini yaxından tanıyırq. Elə bu ay İsveçə qarşı matçda millimizin müdafiə xəttini pərən-pərən salmışdı. Meddisonu isə “Lester”dən tanıyırıq. Texnikası öz yerində, əla ötürmə etmə qabiliyyətinə malikdir. Yarımmüdafiədə onların qarşısını kəsmək çox çətin olacaq.
Hücumda Son Hın Minlə Dominik Solanke isə bir ayrı dərddir. Son artıq Keyndən sonra bu komandanın liderinə çevrilib. 2019-cu ildən ötən mövsümün sonuna qədər “Bornmut”da oynayan, 199 oyuna 72 qol vuran Domenik Solanke də artıq uyğunlaşma prosesini uğurla başa vurub və hətta komandada qol hesabını aça bilib. Hazırda Rişarlison zədəli olduğundan böyük ehtimalla Solankeyə şans yaranacaq. Son Hın Mini hücumun sivri ucuna atıb artıq ehtiyatda “gecələyən” Timo Verneri sola çəkə bilər. Hücumun sağ cinahında isə Brennan Conson öz varlığını göstərəcək.
“Tottenhem”in oyun üslubuna gəlincə, “Qarabağ” çox dinamik komandaya qarşı oynayacaq. Qətiyyən topu saxlayıb çürütməklə araları yoxdur. Topu götürdülərsə, ancaq irəli şığıyırlar. Ötürmələr ancaq cərimə meydançası həndəvərində olur. Ona görə də “Qarabağ” irəli atılacağı halda, top itirsə, işimiz çətin olacaq. Çünki dərhal pressinq edib onu alır və sürət hesabına topu mənzil başına çatıdırırlar. Bunun üçün oyunda fiziki cəhətdən güclü “Qarabağ” görməliyik. Bizimkiləri çox qaçıracaqlar. Belə məqamda onları öz silahları ilə vurmaq lazımdır. Çünki pas oynamadan irəli atılan komandalar topu itirəndə çətin vəziyyətə düşürlər. “Qarabağ” bunu bacarsa, nəyəsə nail olar.
Bircə onu demək olar ki, Ağdam klubu ən çətin oyununa ilk turda çıxır, özü də səfərdə. Bizə ancaq uğurlar arzulamaq qalır. Həqiqətən də çətin olacaq!
Klublarımızın İngiltərə komandaları ilə oyunları:
1. 17.09.2015. London, İngiltərə. UEFA Avropa Liqası. Tottenhem – Qarabağ 3:1
2. 26.11.2015. Bakı, Azərbaycan. UEFA Avropa Liqası. Qarabağ – Tottenhem 0:1
3. 12.09.2017. London, İngiltərə. UEFA Çempionlar Liqası. Çelsi – Qarabağ 6:0
4. 22.11.2017. Bakı, Azərbaycan. UEFA Çempionlar Liqası. Qarabağ – Çelsi 0:4
5. 04.10.2018. Bakı, Azərbaycan. UEFA Avropa Liqası. Qarabağ – Arsenal 0:3
6. 13.12.2018. London, İngiltərə. UEFA Avropa Liqası. Arsenal – Qarabağ 1:0
ABBAS