Azərbaycanın ictimai-siyasi xadimləri arasında ölkənin idman həyatına laqeyd qalmayanların sayı yetərincədir. Onların arasında Natiq Cəfərlinin xüsusi yeri var. “Real” partiyasının yeni rəhbəri ilə görüşüb ölkə idmanının keçmişini, bu gününü və gələcəyini müzakirə etdik. Təbii ki, əsas diqqəti həm də futbola yönəltdik.

– Başlayaq ümumi olaraq Azərbaycan idmanın ümumi vəziyyətindən. Sizcə, müstəqilliyimizi bərpa etdikdən sonra irəli gedirik, yoxsa qeyri-sabitlik bizə mane olur?

– Əslində, bu mövzudan danışırıqsa, idmanın növlərini bir-birindən ayırmaq lazımdır. Müstəqillik dönəmində fərdi idman növlərində müəyyən uğurlarımız olub. Amma Olimpiada, dünya və Avropa birinciliklərində əldə olunan nailiyyətlər idmanımızın səviyyəsini yüksəyə qaldırıbmı? Təəssüf ki, yox. Məsələ ondadır ki, idmanın idearə edilməsi və maliyyələşməsində oturuşmuş sistem formalaşdırmamışıq. Nəzərə alaq ki, bizdə federasiya rəhbərləri ancaq məmurlardan ibarətdir. Onlar da inzibati resurslardan istifadə edərək həmin idman növlərini maliyyə dəstəyi ilə ayaqüstə saxlamağa çalışırlar. Amma biz başqa ölkələrə baxanda görürük ki, oralarda daha çox sponsorlar önə çıxır. Azərbaycan bazarının kiçik olması, ölkəmizdə ümumiyyətlə reklam bazarının dar olması belə problemlərə yol açır. Halbuki, biz Gürcüstandan əraziyə görə iki dəfə böyük olsaq da, onların reklam bazarı bizdən 2 dəfə artıqdır. İlk baxışda bu, bəlkə də idmana birbaşa təsir göstərmir, amma kifayət qədər ciddi təsirləri var. Amma komanda oyunlarından danışırıqsa, həddindən artıq zəif nəticələr göstəririk. Yalnız “Qarabağ”ı istisna etmək olar. Ağdam klubunun uğurlu çıxışının səbəblərindən biri də maliyyə mənbəyinin biznes strukturu sayəsində formalaşmasıdır.

– Tokio Olimpiadasında qızıl əldə edə bilmədik, amma Parisdən iki qızılla döndük. Amma o da cüdonun payına düşdü. Güləş ümidləri doğrultmadı. Bunu nə ilə əlaqələndirərdiniz?

– Əslinə qalsa, güləş bizim milli idman növümüzdür. Cüdo bizdə son vaxtlar populyarlaşıb. Amma güləş sovet dövründən bəri bizdə daha öndə olub. Bu növdə geriləməyimizin səbəbini yəqin ki, uşaq məktəblərində axtarmaq lazımdır. Bizdə çox vaxt fikirləşirlər ki, istedadı olan idmançı fərdi qaydada yetişə bilər. Bu, doğru yanaşma deyil. Bunun institutsional yanaşması olmalıdır. Bir güləşçinin yetişməsi üçün onun ətrafında komanda formalaşmalıdır. Tək məşqçi ilə iş bitmir. Bilmirəm, bu sahəyə maliyyə azalıb, yoxsa diqqət çatışmazlığı var, amma problemlər görünür. Təəssüf ki, idman növlərində bizim maliyyə mənbələrimizə şəffaf çıxışımız yoxdur. Məsələn, biz bilmirik ki, federasiyalar haradan pul alır, nə qədər xərcləyir. Ona görə də bilmək olmur, problem maliyyədədir, ya məktəblər tələblərə cavab vermir. Güləş kimi boksda da zəif nəticələrlə yadda qalırıq. Yəqin ki, bunun ciddi təhlilə ehtiyacı var. Müəyyən uğur təsadüf də ola bilər. Qalıcı uğurdursa, bunun məktəbi də olmalıdır. Məsələn, biz Özbəkistanın timsalında bunun örnəyini gördük. Onlar məktəb yaratdı, xaricdən məşqçilər dəvət etdilər, böyük komplekslər istifadəyə verildi. 8-10 il ərzində də bunun nəticəsini Paris Olimpiadasında gördülər. Ümumiyyətlə, istənilən idman növündə inkişaf etmək üçün məktəb yaratmaq lazımdır.

95c49f73 9e01 4ae5 b316 00211ece95d2 - Futbolinfo.az

– Bir problem də var ki, federasiyalar milliyə legionerlər də cəlb edir. Məsələn, biz güləş ölkəsi olsaq da, komandamızda dağıstanlılar da yer alır. Niyə asan yola əl atırlar?

– Belə bir maraqlı araşdırma görmüşdüm. Bilmirəm, Gürcüstan idi ya da ki Moldova, orada bir yanaşma var idi ki, bir uşağı 6-7 yaşından götürüb olimpiya çempionu etmək çox bahalı bir layihədir. Bir də var ki, 50-100 min verib hazır legioner gətirib ondan nəticə alırsan. Federasiya rəhbərliyi də onun nəticəsini göstərib uğur əldə etdiklərini söyləyir. Bu, kökündən səhv yanaşmadır. Bunu cəmiyyət də birmənalı qarşılamır. Yadınızdadırsa, koreyalı xanımları gətirib onların soyadını dəyişməklə otüstü hokkey yığması yaratmışdıq. Bu layihə uğurlu olmadı. Həm də ki, bu, qalıcı uğur deyil. Bu gün sən 5 manat verib nəticə əldə edirsənsə, sabah o biri ona 10 manat verib öz tərəfinə çəkə bilər. Bu futbol millisi deyil ki, sənin komandanda oynadıqdan sonra başqa ölkənin yığmasında çıxış edə bilməz. İdman tarixində insanlar olub ki, bir neçə ölkənin millisinin şərəfini qoruyub medallar qazanıb.

– Azərbaycan futbolunu necə xarakterizə edirsiz?

– Futbol bizdə digər idman növləri ilə müqayisədə daha çox sevilsə də, burada oturuşmuş sistem yarada bilməmişik. Doğrudur, bəzi komandaların fanklubları və yaxud fanşopları var, amma yenə də yerli çempionatın oyunlarına heç kim gedib baxmır. Bilet alan yoxdur. Futbol elə bir idman növüdür ki, burada sponsorlar olmasa, komandalar ayaq üstə qala bilməz. Bu yanaşma ilə Azərbaycan futboluna baxsaq, onda çempionatımızda 2-3 komanda qalar. Əksəriyyəti federasiya tərəfindən maliyyələşir. Maliyyə mənbələri, məktəb, oturuşmuş sistem yoxdur. Yalnız “Qarabağ”ı istisna etmək olar. Qurban Qurbanov uzun illər vahid sistem formalaşdırıb. Hərçənd bunu da daha çox legionerlər hesabına edib. Məni təəssüfləndirən məqam ondan ibarətdir ki, “Napoli”də oynayan Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliyanın qiyməti Azərbaycan yığmasının bütün üzvlərinin qiymətindən qat-qat çoxdur. Belə olmamalıdır. Gürcülər kimi uğur qazanmaq istəyiriksə, 10-20 illik proqram hazırlamalıyıq. Biz belə bir yanaşma görmürük. Belə baxanda, beynəlxalq turnirlərdə iştirak edən yeniyetmələrdən ibarət komandalarımız pis nəticə göstərmir. Elə ki, 15 yaşına çatdılar, hər şey bitir. Bu da o deməkdir ki, işi düzgün qurmuruq. Uşağın istedadı varsa, niyə o, 15 yaşından sonra tükənməlidir?! İqtisadçı olduğum üçün bir çox məsələdə iqtisadi təməlin olmasını vacib sayıram. Çünki bu dayanıqlı inkişafın göstəricisi olmalıdır. Futbol klubları öz səhmləri üzərində formalaşmalıdır. Azərbaycanda klubları belə formalaşdırmaq üçün iqtisadi formasiya da dəyişməlidir. Qiymətli kağızlar bazarı yoxdursa, bunu necə edə bilərik ki? Mən Azərbaycanın rayonlarını gəzməyi sevirəm. Çox yerdə olimpiya kompleksləri var. Amma uşaqları ora pulla götürürlər. Bu dövlət hesabına tikilibsə, uşaq orada məşq etmək üçün niyə pul verməlidir? Mən Gürcüstanı da qarış-qarış gəzmişəm. Orada kəndlərdə belə pulsuz meydançalar var. Orada skautlar görmüşəm ki, Bolnisi və yaxud Marneuliyə gəlib uşaqlar arasında məhəllə oyunlarını izləyirlər. Mən bildiyimə görə, Gürcüstanda 3 böyük futbol akademiyası var. Biri Batumidə, ikisi isə Tiflisdədir. Orada uşaqların yetişməsində mühüm rol oynayırlar. Özləri də İspaniya və Niderland modellərindən istifadə edirlər.

– Gürcüstandan söz düşmüşkən, son vaxtlar Azərbaycanda əsas müzakirə mövzularından biri onlarla müqayisə olunmağımızdır. Niyə onlar Avropa çempionatına gedə bilir, niyə hazırda Millətlər Liqasında uğurlu çıxış edir, amma biz geridə qalmışıq?! Tiflis “Dinamo”sunun SSRİ millisinə gürcü oyunçular verməsi, bu komandanın dəfələrlə qazandığl gümüş və bürünc medalları bir kənara qoyuram, iki dəfə SSRİ çempionu olması, 1981-ci ildə Kuboklar Kubokunu qazanması, müstəqillik dövründən bu günə qədər Avropada oynayan ulduz futbolçular çıxartması fonunda onlarla müqayisəmiz nə dərəcədə doğrudur? Bəlkə Albaniya ilə özümüzü müqayisə edək?

natiq2 - Futbolinfo.az

– Başa düşürəm, futbol ölkəsidir və orada bu oyunu çox sevirlər, üstəlik sovetdən qalma ənənələri də var. Amma ölkəmizdə də futbolu sevənlər yetərincədir. Bizimkilərin istedad amilinə görə gürcülərdən geri qaldığını söyləyə bilmərəm. Sadəcə, onlar doğru məktəb yaradıblar. Ona görə də istedadlıları püxtələşir. Biz 8-10 yaşında küçələrimizdə Messilər görürük, amma yaşa dolduqca itib-gedirlər. Yalnız sistem qurduqdan sonra deyə bilərik ki, biz istedadlıyıq, yoxsa yox?! Məncə, bizdə istedadlı uşaqlar az deyil. Yeri gəlmişkən, Gürcüstanda jurnalistika ilə məşğul olan bir nəfərə mənə deyib ki, 3-5 ildən sonra görəcəksən ki, Gürcüstan azərbaycanlıları futbolda çox öndə olacaqlar. Artıq onlar dili öyrənir və futbol məktəblərinə yazılırlar. Bəli, məncə futbol oynamaq milli xüsusiyyət deyil, hər şey sistemdən qaynaqlanır. Biz futbolçularımızı Türkiyəyə göndərib orada inkişaf edə bilərik, amma təəssüf ki, qardaş ölkənin komandalarında da möhkəmlənə bilmirik. Məsələn, mən bir statistika ilə tanış olmuşdum, Gürcüstanın 90-a yaxın futbolçusu legioner həyatı yaşayır. Ermənistanda aşağı-yuxarı eyni şeydir. Azərbaycandan isə legioner çıxmır.

– Niyə Azərbaycanda yetişən futbolçulara Avropada tələbat yoxdur? Gedən ya darıxıb qayıdır, ya da başqa səbəblər ortaya çıxır.

– Dünyada futbol industriyası elə bir vəziyyətə gəlib çatıb ki, sizin fiziki hazırlığınız işin yarıdan çoxudur. İstedadlı ola bilərsən, amma fiziki cəhətdən hazırlıqlı deyilsənsə, meydanda çatdıra bilməyəcəksən. Çünki bizimkilər uşaqlıqdan bu çətinliyə dözməyiblər, belə yüklənməyə öyrəşməyiblər. Məncə, əsas səbəb budur.

– UEFA hər il Azərbaycan klublarına uşaq futbolunu inkişaf etdirmək maliyyə yardımı ayırır. Sizcə, nəyə bunlar doğru istiqamət üzrə xərclənmir?

– Ümimiyyətlə AFFA-nın bu sahədə fəaliyyəti, uşaq futbolu ilə bağlı sistem bizdə dəfələrlə tənqid olunub. Biz nəticə görmürük. Məsələn, Türkiyədə milli televiziya və ya başqa telekanallar yeniyetmələrin turnirlərini işıqlandırırlar. Media bu haqda yetərincə məlumat verir. Bizdə uşaq futbolu ilə bağlı informasiya qıtlığı var. Bu sahəyə ayrılan vəsaitin şəffaflığından heç danışmağa dəyməz. Hətta burada bir neçə Türkiyə klubu məktəblər də açdı, amma bundan nəticə hasil olmadı. Bu problemlər idarəetmənin özündən qaynaqlanır. Azərbaycanda klublar fikirləşir ki, mən bu uşağı götürüm, onun inkişafı üçün ilə müəyyən qədər vəsait xərcləyim, heç bilinmir, alınacaq, yoxsa, yox. Elə ondansa, Afrikadan bir az ucuz oyunçu gətirib oynadaram. Bu, heç bir effekt verməyəcək.

– AFFA-da hakimiyyət dəyişikliyi baş verdi. Rövşən Nəcəfdən nə gözləyirsiniz?

– Futbolla maraqlanan xarici jurnalistlər də bu sualı mənə verib ki, niyə sizdə futbol federasiyasına rəhbərliyi məhz SOCAR edir? Maraqlı sualdır əslində. Məsələ ondadır ki, dövlət neft şirkəti maliyyə məsələsinə baxırsa, musiqini də o sifariş edir. Amma onun əsas fəaliyyət növü tamam fərqlidir axı. Bu qurum üçün futbol 15-ci yerdədir. Futbolda uğurlu fəaliyyət göstərmək üçün onun bu idman növündən baş çıxaran güclü bir komandası olmalıdır. Bunu da biz görmürük.

– Milliyə də daim əcnəbi məşqçi gətirirlər. Bəs, buna münasibətiniz necədir?

– Həddindən artıq pis. Adam onlara xərclənən pullara heyifslənir. Çünki xarici mütəxəssis öz ölkəsinin məktəbinin yaratdığı biliklər üzrə ixtisaslaşıb. Bir almaniyalı və ya portuqaliyalı öz məktəbinin sistemini burada necə tətbiq edəcək? Azərbaycanda Almaniya və Portuqaliya məktəbi formalaşmayıbsa, sistem bunun üzərində deyilsə, avropalı məşqçi burada ciddi nəticə əldə edə bilməyəcək.

– Amma Gürcüstanda Villi Sanyol fayda verə bilir…

– Çünki Gürcüstanda Avropa məktəbi formalaşıb. Ona görə də effektini görürlər. Bizdə o sistemi anlamırlar. Gürcüstanda futbolun strategiyası uzun illərdir ki, proqram əsasında gedir. Hətta Kriştianu Ronaldo da məktəblərdən birinə baş çəkməyə gəlmişdi, Xviça da orada yeniyetmə futbolçu kimi onunla görüşmək imkanı qazandı. Ora bundan sonra fransız və ya ispanı gətirsən, bəhrəsini görəcəksən. Bəs Santuş burada nə edəcək? Deyəcək, bunu et, futbolçu da cavab verəcək ki, mənə bunu öyrətməyiblər. Sadəcə, bizdə AFFA prestij arxasınca qaçır. Mən əminəm ki, bir müddət keçəcək, Mourinyonu da gətirəcəklər. Bunun Azərbaycan futboluna nə xeyri var?! Onlara xərclənən pulu uşaq futboluna yönəlt də.

– “Qarabağ”ın 2014/15 mövsümündən mütəmadi olaraq avrokubokların qrup mərhələsində oynaması haqda nə deyə bilərsiz? Bu komandada fərqli olan nədir və niyə digər klublarımız onun yolunu gedə bilmir?

– “Qarabağ”ın uğuru həm maliyyə, həm də sabit idarəetmə ilə əlaqəlidir. Qurban Qurbanov burada bir sistem formalaşdırıb. Sistem də işləyir. Digər komandalarda isə məşqçilər sürətlə dəyişir. Belə uğur qazanmaq olmaz.

01000000 0aff 0242 27ee - Futbolinfo.az

– Amma sosial şəbəkələrdə bəzi azarkeşlər klub rəhbərliyinin transfer siyasətini tənqid edir, hətta onları simiclikdə də ittiham edir. Nə dərəcədə haqlı iradlardır?

– Azarkeşləri anlayıram, amma tanınmış və olduqca yüksək səviyyəli futbolçular Azərbaycan çempionatında oynamaq istəmir. Ən yaxşı halda, qocalmış futbolçunu maraq oyatsın deyə gətirmək olar, onlar faydalı olmur. Vaxtilə Rivaldonun Özbəkistan çempionatında oynamasını xatırlamaq olar. Yaxud da indi ərəblərin etdiyi. Amma özünə uyğun oyunçular almaqda ləng tərpənmələrinə izah verməkdə çətinlik çəkirəm. Çünki səbəbini bilmirəm. Bəlkə pul qazanmaq istəyirlər. Bu pullara qənaət də edə bilərlər. Oyunçuların maaş söhbəti də var. Amma yenə də faydalı oyunçuları gətirib mövqelər uğrunda rəqabət yaratmaq lazımdır. Müəyyən mənada bizdə toxunulmaz oyunçular olub. Özlərini belə hiss etməsinlər deyə, transferlər həyata keçirilməlidir.

– Bəs “Neftçi”nin problemi nədir? Hər il dolub-boşalır…

– “Neftçi” mənim uşaqlıq komandamdır. Uğura aparan yol heç də həmişə ardıcıl qələbələrdən keçmir. Uğur üçün sabitlik əsas şərtdir. Uğursuzluğa belə zaman tanımaq lazımdır. “Neftçi” də dəyişiklik burulğanına düşüb. Hamı bu komandadan dərhal uğur gözləyir. Formalaşmaq üçün onlara vaxt vermək zəruridir. Məsələn, “Qarabağ”ı ayaq üstə saxlayan Avropadakı çıxışlarıdır. Ağdam klubu orada uğursuz olsaydı, idarəçilik planında bu səviyyəyə yüksəlməyəcəkdi. “Neftçi”də belə sabitlik yaransa, işlər düzələr. Amma tez-tez rəhbərliyin dəyişməsi komandaya problem yaradır. Hər rəhbər də yeni konsepsiya gətirir.

– Problem təkcə bu da deyil. Menecerlər “Neftçi”yə yararsız oyunçular gətirir. Onlara necə vaxt verəsən, belə futbolçularla heç nə alınmayacaq…

– Bəli, seleksiya problemi də var. Amma biz bilmirik axı içəridə nə baş verir? Bəzən elə oyunçulara elə böyük pullar verirlər ki, baş aça bilmirsən. Təəssüf ki, biz şəffaflığı görmürük. “Neftçi”ni Azərbaycan futbolunun flaqmanı adlandırırdılar. Bir anlıq təsəvvür edin ki, “Neftçi”nin arxasından SOCAR çəkilir. Bu komanda nə ilə dolacanaq? Bəlkə də “Neftçi”yə özəl şirkət rəhbərlik etsə, bu komanda daha yaxşı idarə olunar. “Qarabağ”ın “Azərsun” yazılı forma ilə oynaması müsbət məqamdır. Məsələn, mən Polşada olarkən, dükanların birində “Azərsun” məhsullarının satıldığını gördüm. Yerli satıcı mənim Azərbaycandan olduğumu biləndə dedi ki, “Azərsun” “Qarabağ”ın sponsorudur”. Bu, çox önəmli məqamdır. “Neftçi” də bundan faydalana bilərdi. SOCAR-ın belə bir dərdi yoxdur. Nefti hamı alır.

71ad023e 942b 4380 8900 b48f45aba5a8 - Futbolinfo.az

TAHİR MİRZƏ

Shares: