2009-cu ildə “Bakı”nın formasını geyinmiş braziliyalı hücumçu Felipe Almeyda Feliksin futbolinfo.az saytına müsahibəsi
– Hazırda hansı işlə məşğul olursunuz? Futbol sahəsindəsiniz?
– Sırf futbol yox, amma idman sahəsindəyəm. Ölkəmin İdman Nazirliyində çalışıram. Həm futbol, həm basketbol, həm də digər idman növlərini inkişaf etdirməyə çalışırıq. Doğma şəhərim olan İtanhaemdə yaşayıram.
– Azərbaycan futbolu, çempionatımızla maraqlanırsınız? Siz oynadığınız vaxtla müqayisədə futbolumuzda hansı dəyişikliklər baş verib?
– İmkan olanda Azərbaycan futbolu ilə maraqlanıram, televiziyadan baxa bildiyim oyunları izləyirəm. Açığı, elə bir böyük fərq görmürəm. Futbolçu karyeram ərzində Azərbaycanla yanaşı, Rusiya, Portuqaliya, Macarıstanda da legioner həyatı yaşamışam. Mən futbolda ildən-ilə böyük dəyişikliklər olduğunu düşünmürəm. Futbol həmişə bir topla oynanılıb və əsas məqsəd onu qapıdan keçirmək, yəni qol vurmaqdır.
– Azərbaycandakı karyeranızı necə xatırlayırsınız? “Bakı”da az oynamağınız nə ilə bağlı olmuşdu?
– “Bakı”da oynadığım dövr karyeramın ən yaxşı dönəmlərindən biri idi. Çünki formasını geyindiyim komanda həm Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparırdı, həm də Azərbaycan çempionatında qızıl medallar uğrunda mübarizə aparırdı. Mənim üzərimə düşən qollar vurmaq idi, bunun da öhdəsindən gəlirdim. Düzdür, “Bakı”dakı karyeram qısa çəkdi. Bu da həmin vaxt transfer hüququmun Nalçik “Spartak”ına aid olması ilə bağlı idi. “Bakı”da icarə əsasında oynayırdım və müddət bitəndən sonra Rusiyaya qayıtmaq məcburiyyətində qaldım.
– “Bakı”nın heyətində keçirdiyiniz hansı matçı hələ də unutmamısınız?
– Ölkənizdəki karyeram uzun çəkməsə də, Azərbaycanda gözən anlar yaşadım. Sizinlə danışa-danışa Çempionlar Liqasında “Ekranas”la oyunlarda vurduğum qolları xatırladım. Bakıdakı görüşdə dubl etmişdim. Yadımdadır ki, növbəti mərhələdə evdə “Levski” ilə keçirdiyimiz matçda azarkeşlər tribunaları tam doldurmuşdular. Gözəl anlar idi. “Ekranas”a qalib gəldiyimiz görüş karyeramın ən unudulmaz matçlarındandır. Vurduğum qollardan sonra minlərlə insanın “Felipe, Felipe” qışqırması hələ də xatirimdədir. Məşhur İsveçrə klubu “Bazel”ə qarşı keçirdiyimiz görüşlər də unudulmaz idi. Düzdür, hər iki oyunda uduzmuşduq, rəqib bizə çətin anlar yaşatmışdı. Amma o cür klubun Bakıya gəlməsi həmin vaxt Azərbaycan futbolu adına böyük uğur sayılırdı.
– “Ekranas” səddini keçdiyinizə görə nə qədər pul mükafatı almışdınız?
– Üstündən xeyli vaxt keçib, dəqiq yadımda qalmayıb. Amma səhv etmirəmsə, ümumi komandaya 10-15 min dollar mükafat verilmişdi və həmin məbləğ aramızda bölünmüşdü.
– “Bakı” klubunda ən yaxın dostlarınız kimlər idi?
– Ən yaxın dostum Rafael Barbosa idi, indi də onunla dostluğumuz davam edir. Çox yaxşı oğlandır. Barbosadan əlavə, “Bakı”da komanda yoldaşım olan Batisla ilə də münasibətimiz yaxşı idi. O da güclü hücumçu idi. Azərbaycanlı oyunçuları da çox istəyirdim. Amma ən yaxın dostum kimi Barbosanın adını çəkə bilərəm.
– Azərbaycanda oynadığınız dönəmdə hansı futbolçular öz səviyyələri ilə seçilirdilər?
– “Bakı”nın qapıçısı olmuş Xalidu Sissokonu qeyd edərdim. Seneqallı qolkiper çox güclü idi. Onunla da söhbətimiz alınırdı.
– Azərbaycan çempionatında hansı müdafiəçiyə qarşı oynamaq sizə çətinlik yaradırdı?
– Elə birini xatırlamıram. Bir o yadımdadır ki, əksər rəqiblər əcnəbi müdafiəçilər oynadırdı. Bu sualı onlara versəniz, yaxşı olar. Çünki müdafiəçilər mənə yox, mən onlara problem yaradırdım (gülür).
– “Bakı” klubunun nəvaxtsa fəaliyyətini bərpa edəcəyinə və yenidən Azərbaycan çempionatında oynayacağına inanırsınız?
– Əlbəttə, inanıram. “Bakı”nın yenidən Premyer Liqada oynamasını çox istəyirəm. Bu gün Azərbaycan çempionatında “Bakı”nı görməmək mənə pis təsir edir. O cür iddialı klubun fəaliyyətini dayandırması normal hal deyil. “Bakı” paytaxtın ən yaxşı klubu idi. Qayıdışına ehtiyac var.
– Artıq illərdir ki, Azərbaycan futbolunda “Qarabağ” dominantlıq edir. Ağdam klubunun avrokuboklarda imza atdığı uğurlar haqda nə deyə bilərsiniz?
– “Qarabağ”ın son illərdəki uğurlarından xəbərim var və bunu normal qarşılayıram. Çünki klubun yaxşı büdcəsi, səviyyəli futbolçuları və güclü baş məşqçisi var. Hiss olunur ki, “Qarabağ”da təşkilatçılıq yüksək səviyyədədir. Bu komandanın yaxın illərdə yenidən Çempionlar Liqasının həlledici mərhələsində oynayacağına inanıram.
FƏRİD