“Turan Tovuz”un futbolçusu Faiq Hacıyevin futbolinfo.az saytına müsahibəsi

– Son oyunda “Araz-Naxçıvan”a 1:2 hesabı ilə uduzdunuz. Matçla bağlı düşüncələrin nədir?

– Öz azarkeşlərimizin önündə məğlub olmaq istəməzdik. Amma təəssüf ki, uduzduq. Bundan dərs çıxarıb irəli baxmalıyıq. Eyni səhvləri etməməyə çalışacağıq.

– Mövsümdə ilk məğlubiyyətinizi aldınız. Bu, komandaya psixoloji cəhətdən pis təsir etməyəcək?

– Düşünmürəm ki, pis təsiri olsun. Çempionat uzun bir marafondur. Hansısa turda məğlub olacağımız gözlənilirdi. Hamımız peşəkar oyunçularıq. Buna da hazır olmalıyıq. Biz məğlubiyyəti də öz xeyrimizə dəyərləndirməliyik.

– Matçın əvvəlində baş verən epizod çox müzakirə edildi. Ramon Maçado Roderik Millerə qarşı kobud oynadı, lakin hakim Elçin Məsliyev qırmız vərəqə vermədi. Sən bu barədə nə düşünürsən?

– Hakimin qərarlarına deyinməyi sevən biri deyiləm. Hansısa epizod olanda matçın gedişində etirazımı bildirirəm və orada da qalır. Bundan sonra heç nə dəyişməyəcəyək. Buna görə də fikir bildirmək doğru olmaz. Bu barədə danışmaq istəmirəm.

– Kurban Berdıyevin gəlişi komandada nəyi dəyişib?

– O, yaxşı klublarda işləmiş məşqçidir. Əvvəl etdiklərini, gördüklərini bizə aşılamağa çalışır. Belə bir məşqçi ilə bir yerdə olmaq bizim üçün üstünlükdür. Bundan ən yaxşı şəkildə istifadə etməyə çalışırıq.

– “Qarabağ” üzərində qazanılan qələbədən sonra diqqətləri daha çox üzərinizə çəkdiniz, gözləntilər çoxaldı. Bu, üzərinizdə təzyiq yaratmır?

– Biz də başa düşürük ki, gözləntilər çoxdur. Gözləntilər futbolçulara inam gətirir. Tərəfdarlarımızın inamını doğrultmağa çalışacağıq.

– Qarşıda “Şamaxı” ilə səfər matçı var. Keçmiş baş məşqçinizin komandasına qalib gələ biləcəksiz?

– Hər matç olduğu kimi bu görüşdə də 3 xal üçün meydana çıxacağıq. İşimiz bir o qədər də asan olmayacaq. Hər iki komandanı da maraqlı qarşılaşma gözləyir.

CAVAD

Shares: