“Meydanda yaxşı mübarizə aparırıq və bu nüansların gələcək oyunlarda nəticəmizə təsir edəcəyinə ümid edirik”. Bu sözləri futbolifo.az saytına açıqlamasında “Səbail”in qapıçısı Hüseynəli Quliyev deyib.

Qolkiper “Sabah”la matçda bəzi texniki səhvlərinin olduğunu boynuna alıb: “Sabah”la oyuna yaxşı başlamışdıq. Erkən qol vursaq da təəssüf ki, erkən də qol buraxdıq. Sonrasında da ard-arda gələn qollar oldu. Əslində, yaxşı mübarizə apardıq. Bir neçə epizotda bərabərliyə çox yaxınlaşsaq da, alınmadı. Bəzi fərdi səhvlərimiz var idi. Mənim özümdə də texniki səhv oldu, ikinci qolu buraxdıq. Bu, futboldur və heç kim səhvdən sığortalanmıyıb. Gələcək oyunlarda yanlışları təkrarlamamaq üçün öz üzərimizdə işləməyə davam edəcəyik. Gələcəyə ümidlə baxırıq. Çünki meydanda yaxşı mübarizə aparırıq”.

Hüseynəli gələn tur meydana xal və ya xallar qazanmaq üçün çıxacaqlarını söyləyib: “Gələn tur rəqibimiz mövsümə çox yaxşı başlamış “Araz-Naxçıvan”dır. Yuxarı pillələrdə olan komandadır. Bilirik ki, onlara qarşı oyunumuz çox çətin olacaq. Ancaq həmişə olduğu kimi, meydana xal və ya xallar üçün çıxıb, əlimizdən gələni etməyə çalışacağıq”.

Quliyev heyətdə gənclərin çox olmasını problem saymır: “Komandada əksər futbolçular gənclərdir. Müsbət tərəfimiz odur ki, daha dinamik komandayıq. Meydanda sona qədər mübarizə aparırıq. Sadəcə, rəqiblərimizə nisbətən təcrübə baxımından bir az geridəyik. Bunu da mənfi cəhət adlandırmazdım. Bacardığımız qədər maksimum nəticələr əldə edib, çempionatı yuxarı pillələrdə başa vurmaq və yaxşı futbol sərgiləmək istəyirik”.

GÜNAY SÜLEYMANOVA

Shares: