“Motivasiyalıyıq və istəyirik ki, belə də davam edək. Çünki Avroliqaya vəsiqə qazanmaq istəyirik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan çempionatlarında 100-cü oyununu keçirən “Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev deyib.

O, klubu ilə birlikdə yubileylərin davamını gətirməyi arzulayır: “Açığı, yubiley oyunum olduğundan sonradan xəbərim oldu. Mənim üçün çox xoş oldu. Bura necə gəlmişəm, son illərdə nələr yaşamışam – bir mən, bir də Allah bilir. Ona görə hazırda 100-cü oyunu keçirmək mənim üçün qürurvericidir. Allah nəsib edərsə, davamı gələr və klubumla birlikdə yaxşı günlər keçirərik”.

Vadim ötən tur “Turan Tovuz”u məğlub etdikləri oyun haqda da fikirlərini bölüşüb: ”Tovuzda çox ağır oyunumuz oldu. Oradakı ab-hava tam fərqlidir. Azarkeşləri də möhtəşəm idilər. Bizim üçün ağır qarşılaşma olacağını bilirdik. Çünki bizlə oyuna qədər məğlub olmamışdılar. Lakin öz gücümüzə inanırdıq. Matça motivasiya ilə hazırlaşmışdıq. Komanda olaraq rəqibi yaxşı analiz etmişdik. Özümüzə inandıq və dəsti-xətti qoruyaraq 3 xalı götürə bildik”.

Naxçıvan təmsilçisinin kapitanı Avroliqaya vəsiqə qazanmaq istədiklərini bildirib: “Hədəflər həmişə yüksək olmalıdır. Çalışacağıq ki, öz oyunumuza köklənərək ən yaxşısını istəyək. Komandamızda bu il çox dəyişikliklər oldu. Motivasiyalıyıq və istəyirik ki, belə də davam edək. Çünki Avroliqaya vəsiqə qazanmaq istəyirik. Düzdü, ağır olacaq, amma çətin işin sonu daha şirin olur. Ona görə bütün matçlara ciddi hazırlaşacağıq. Sonda isə haralara gəlib çıxacağımızı zaman göstərəcək”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp