“Şamaxı” klubunun albaniyalı hücumçusu Belajdi Pusinin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 7-ci turunda səfərdə “Kəpəz” üzərində çətinlik çəkmədən 2:0 hesablı qələbə qazandınız. Bu görüşdən asan qalibiyyət gözləyirdiniz?

– Rahat qələbə əldə etdiyimizi deməzdim. Ümumiyyətlə, Premyer Liqada asan oyun olmur. Digər matçlar kimi, bu görüşə də yaxşı hazırlaşmışdıq. Fikrimcə, əla futbol göstərə bildik və bunun sayəsində istədiyimiz nəticəni qazandıq.

– “Şamaxı” Premyer Liqaya qayıdışından sonrakı ilk mövsümdəcə yaxşı nəticələrə imza atır. Bunu nəyin hesabına bacarırsınız?

– Ağır zəhmətin və fədakarlığın hesabına hər şey mümkündür. Məşqçilər heyəti bizə futbol, rəqiblər haqqında bütün lazımi məqamları başa salır. Onların informasiyaları bizə çox kömək olur. Komandanın hər bir üzvü bacarığının 100 faizini meydanda göstərir. İnanıram ki, belə də davam edəcəyik.

– Növbəti turda “Turan Tovuz”u qəbul edəcəksiniz. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Üzərimizdə heç bir təzyiq hiss etmirik. Komanda hazırda yaxşı vəziyyətdədir. Bunu turnir cədvəlindəki mövqeyimiz də təsdiqləyir. Əvvəlki matçlarda olduğu kimi, yenə istədiyimiz nəticəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik.

– Ötən mövsüm “Turan Tovuz”da oynamış biri olaraq, sabiq komandanızla matçda hansı hissləri keçirəcəksiniz?

– Ancaq gözəl hisslər keçirəcəyəm. Çünki “Turan Tovuz”dakı dostlarımla, keçmiş komanda yoldaşlarımla görüşəcəyəm. Hamısına böyük hörmətim var. Hər biri yaxşı insandır.

– Necə düşünürsünüz, “Şamaxı”nın gücü cari mövsümü neçənci yerdə bitirməyə çatacaq?

– Bu barədə danışmaq üçün hələ tezdir. Çünki çempionat yeni start götürüb. Oyundan-oyuna baxacağıq, gücümüzün neçənci yeri tutmaq üçün yetərli olduğunu turdan-tura biləcəyik. Əsas məsələ hazırda göstərdiyimiz futbolu, yaxşı oyunu davam etdirməkdir.

– Bir legioner futbolçu kimi, Misli Premyer Liqasının səviyyəsindən tam razısınız?

– Azərbaycan çempionatı səviyyəli liqadır. İldən-ilə Premyer Liqanızın səviyyəsi daha da artır. Azərbaycanda futbol oynamaqdan məmnunam. Burada özümü xoşbəxt hiss edirəm.

CAVAD

Shares: