Olimpiadanın iştirakçısı supermarketdə vetçina və qulançara görə 67 dollar ödəmədiyinə görə həbs olunub.
Softbol üzrə Kanada millisinin keçmiş üzvü Meqqan Pettipis yazda “Walmart” supermarketində saxlanılıb. O, özünəxidmət kassasında aldığı mallar üçün 200 dollar ödəyib, lakin vetçina və qulançarı skan etməyib. Bunu görən təhlükəsizlik işçiləri polisə müraciət edib. İdmançı bu malların keçmədiyinin fərqinə varmadığını bildirsə də, həbsdən yayına bilməyib.
Qalmaqala görə Pettipis universitet komandasının məşqçisi vəzifəsindən istefa verməli olub. Lakin sonradan həqiqətən də kassada nasazlıq olduğu aşkar edilib. Bu yaxınlarda keçmiş idmançıya qarşı bütün ittihamlar ləğv edilib.
“Ən kədərlisi mənə dəyən ziyandır. Bu, mənim həyatımda hər şeyi dəyişdi. Karyeramı, işimi, qurduğum həyatı itirdim. Bu dünyada ən çətin şey insanlara günahsız olduğunuzu sübut etməkdir”, – deyə zərərçəkən bildirib.