Martin Odeqaardın məşqlərə nə vaxt başlayacağı dəqiqləşməyib. Norveç millisinin düşərgəsində ağır zədə alan yarımmüdafiəçinin oktyabrda məşqə başlayacağı təxmin edilir.
Futbolinfo.az xəbər verir ki, oyunçunun məxsus olduğu “Arsenal”ın baş məşqçisi Mikel Arteta da həkimlərdən xoş xəbər gözləyir: “Hələlik müalicə prosesi davam edir. Martinin tezliklə sağalmasını istəyirik. Amma sağlamlıq önəmlidir, tam hazır olmamış onunla bağlı risk etməyəcəyik. Tam gücü ilə oynaması üçün bir neçə həftəyə ehtiyac duyulacaq. Milli komandaların oyunlarına görə yaranacaq növbəti fasilə dövründə yüngül məşqlərə başlaması mümkündür”.
Arteta komandanın yeni üzvlərindən olan Rahim Sterlinqdən də danışıb: “Hələlik çox şans qazanmayıb. Amma mübarizə aparmaq, özünü sübut etmək üçün necə tələsdiyni görə bilirəm. Kubok oyunu onun özünü sübut etməsi üçün ilk ciddi şans olacaq. Ümid edirəm ki, Rahim öz fərqini ortaya qoya biləcək”.
Xatırladaq ki, “Arsenal” bu gün İngiltərə Liqa kubokunda “Bolton”u qəbul edəcək.